100 ildən artıq yaşı olan və vaxtilə əsas mətbuat orqanlarının toplandığı “Azərbaycan” Nəşriyyatı bu gün media adına aid olmayan hər şeyə ev sahibliyi edir.
Mebel sexləri, avtomobil ustaları, müxtəlif sexlər, xalça yuma şirkətləri, “maklerlər” və xidmət sektoruna aid olan cürbəcür ofislər nəşriyyat binasında özlərinə “isti yuva” qurub. Əgər nəşriyyatın binasından daxil olsanız, dərhal sağ tərəfə boylanın, orada müxtəlif suvenirlərin satıldığı mağaza ilə qarşılaşacaqsınız. Liftə doğru addımlayın, yaxud nərdivanlara tərəf gedin, natəmizlik “göz oxşayacaq”. 
"Azərbaycan" Nəşriyyatının direktoru Ağabəy Əsgərov binanın böyük əksəriyyətini icarəyə verib. Müxtəlif sexlər, firmalar, “maklerlər”, hətta təkər yamayanlar belə nəşriyyatın binasına “lüks şəraitə” görə yox, ucuzluğa görə axışır. Çünki Ağabəy Əsgərov nəşriyyat binasının otaqlarını ucuz qiymətə kirayə verir.
Burada həm icarədar, yəni Ağabəy Əsgərov qazanır, həm də icarə götürənlər. Görünən budur ki, qarşılıqlı şəkildə Azərbaycan Nəşriyyatının mətbuatımızın məzar yerinə çeviriblər. 
Hətta binalar tikmək üçün nəşriyyat ərazisini Əli Həsənova verən də A.Əsgərov idi. Doğrudur, Əsgərov “bura mənim dədəmin ərazisi deyil, dedilər ver, mən də verdim” deməklə özünü məsuliyyətdən uzaqlaşdırmağa çalışdı. Bəs necə olur, A.Əsgərov illərdir nəşriyyatın binasını “dədəsinin mülki” kimi icarəyə verə bilir?
Deməli, nəşriyyat ərazisinin zəbt edilməsi də, binanın icarəyə verilməsi də Həsənov-Əsgərov işbirliyinin nəticəsi idi.
Həsənov getdi, qaldı Əsgərov və bu gün nəşriyyatın direktoru 100 ildir mətbuat üçün nəzərdə tutulan binanı mətbuata aid olmayan hər şeyin istifadəsinə verib.
Yolunuz "Azərbaycan" Nəşriyyatına düşərsə, bütün bunların təsdiqi üçün ətrafa nəzər yetirməyiniz kifayət edəcək.
Zaur Hacılı Demokrat.az


