Gündəm

Deputat: "Prezidentin bu səfəri Ermənistana, onu dəstəkləyən qüvvələrə açıq mesaj idi"

Deputat: Prezidentin bu səfəri Ermənistana, onu dəstəkləyən qüvvələrə açıq mesaj idi

“30 ildən sonra torpaqlarımızın işğaldan azad edilməsi kimi Azərbaycan Prezidenti İlham Əliyevin bu torpaqlara səfəri də tarixi hadisədir. Müharibədə ağır məğlubiyyətə uğrasa da, Ermənistanın silahlı birləşmələri terrorçu fəaliyyətini davam etdirməkdədir. Bu baxımdan, prezidentin işğal edilmiş ərazilərə səfəri qəhrəmanlıqdır. Fədakarlıq, Vətəninə, millətinə bağlılığın göstəricisidir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputat: Prezidentin bu səfəri Ermənistana, onu dəstəkləyən qüvvələrə açıq mesaj idi

O, Kəlbəcər və Laçında aparılan bərpa-quruculuq işlərinin işğaldan azad edilmiş ərazilərdə görülən tədbirlərin təcəssümü olduğunu qeyd edib:

“Məlum olduğu kimi, işğal dönəmində Laçın Ermənistanı Qarabağa birləşdirən dəhliz rolunu oynayırdı və Ermənistan üçün olduqca vacib əhəmiyyət daşıyırdı. Hələ müharibənin ilk günlərində hətta beynəlxalq ekspertlər tərəfindən Şuşa ilə yanaşı, Kəlbəcər və Laçının alınmaz şəhər olduğunu qeyd edirdilər. Lakin Azərbaycan Prezidentinin siyasi iradəsi ilə bu torpaqlar razılıq yolu ilə geri alındı və hazırda bu ərazilərdə böyük işlər görülür. Hələ müharibənin gedişində işğaldan azad olunan hər bir kənd, rayon, bu ərazilərin bərpası üçün prezident xüsusi göstərişlər verdi. İşğaldan azad edilən ərazilərin bərpa planı, orda görüləcək işlər hələ müharibə dövründə müəyyənləşdi. Buna görədir ki, müharibənin bitməsindən dərhal sonra azad olunan ərazilərdə genişmiqyaslı işlər başladı və tədbirlər sürətlə davam etdirilir. Dövlət başçısının Kəlbəcər və Laçına səfəri zamanı işğaldan azad olunan ərazilərdə aparılan işlərin daha yaxşı şahidi ola bildik. Dəmir yolu xəttinin çəkilməsi, Kəlbəcər-Laçın yolunun salınması, Laçında Beynəlxalq Hava Limanının tikintisi, əhalinin qayıdışı və məskunlaşması üçün lazım olan şəraitin yaradılması buna ən yaxşı nümunələrdəndir”.

M.İbrahimqızı vurğulayıb ki, mövcud vəziyyətdə həm Ermənistan ictimaiyyətinin, həm də onun havadarlarının diqqəti prezidentin səfərində idi:

“Dövlət başçısı isə rahat, əmin, zəfər qazanmış Ali Baş Komandan, güclü lider duruşu ilə öz siyasətini, əminliyini göstərdi. Prezidentin Kəlbəcər və Laçından səsləndirdiyi fikirlər tarixi çıxış əhəmiyyət daşıyır. Prezidentin bu səfəri Ermənistana, onu dəstəkləyən qüvvələrə açıq mesaj idi. Prezident tarixi hadisələrə toxunub, vaxtilə Azərbaycana məxsus olmuş torpaqlarla bağlı əhəmiyyətli fikirlər səsləndirdi. Tarix üçün 100 il uzun bir zaman deyil. Bu mənada, bizim 100 il əvvəl itirdiyimiz torpaqlara sahib çıxmağımız, tarixi unutmamağımız dövrün tələbi, əsas məsələsidir.

Azərbaycan 30 ilə yaxın bir müddətdə dünya təşkilatlarının sülh prinsiplərinə sadiq qaldı, münaqişənin dinc yolla həll edilməsi üçün səbrlə gözlədi, beynəlxalq normalara əməl etdi. Güclü təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin şahidi olan Azərbaycan Prezidentinin rəhbərliyi altında bu təşkilatların geridə qalan 30 il ərzində bacarmadığını 44 gündə etdi. Prezidentin də vurğuladığı kimi, biz regionda sülhün tərəfdarıyıq. Dövlət başçısı Kəlbəcər və Laçına səfəri zamanı bu fikrə yenidən toxundu, Ermənistanın da bu yolu seçməsinin vacibliyini bildirdi”.

Ermənistanın sərhəddə təxribatlar törətmək cəhdlərinə toxunan deputat bildirib ki, dövlət başçısı rayonlara səfəri zamanı ermənilərin bu addımı ilə bağlı açıq mesajlar verib:

“Ermənistan müharibədə Azərbaycanın verdiyi dərsdən nəticə çıxara bilməyib. Ermənistanın təxribat qrupları sərhəddə süni proseslər yaratmağa, mövcud vəziyyəti gərginləşdirməyə çalışırlar. Hər kəs bilir ki, Azərbaycan bu təxribatların sona çatmasını gözləyir, hər zaman olduğu kimi təmkinlə yanaşır. Biz hələ də ümid edirik ki, Ermənistan təhrikedici addımlardan yayınar və 44 günlük müharibədə dəyən zərbədən dərs çıxarar. Sözsüz ki, yaxın zamanda ermənilər nəticə çıxarmasalar, öz təxribatlarına davam etsələr, yenidən “Dəmir yumruğ”un gücünü, Prezidentin siyasi iradəsinin gücünü, Azərbaycan Ordusunun əzmini hiss edəcəklər. Buna heç kimin şübhəsi olmasın. Bildiyiniz kimi, üçtərəfli anlaşmanın imzalanmasından sonra ermənilərin diversant qrupu Qarabağa keçməyə, təxribat törətməyə cəhd etdilər. Lakin Azərbaycan Ordusunun, həmçinin müvafiq dövlət qurumlarının səyi nəticəsində bu cəhdlərin qarşısı alındı. Həmin diversant qrupun üzvlərinin istintaqı davam edir. Azərbaycan istənilən təxribat addımına adekvat və daha sərt cavab vermək gücündədir. Lakin biz yenə də humanizm priniplərimizə sadiq qalır və hadisələrə təmkinlə yanaşırıq. Hər bi hadisə Azərbaycanın nəzarəti altındadır və tərəfimizdən diqqətlə izlənilir. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi fonunda ermənilərin bu təxribatları çox cılız addımlardır. Ermənilər bu təxribatlara son qoymasalar, onlara güc yolu ilə cavab vermək üçün güclü ordumuz, güclü iradəsi və qətiyyəti olan liderimiz də var”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az