“Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarına tarixi əhəmiyyətli səfəri reallaşdı. Avqust ayının 16-da baş tutan səfər çox böyük siyasi məna və əhəmiyyət kəsb edir. Bu səfər bir daha göstərdi ki, ortada Azərbaycan Prezidentinin və xalqının siyasi iradəsi var”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Prezidentin Kəlbəcər və Laçına səfərinin tarixi hadisə olduğunu bildirən deputat dövlət başçısının açıq mesajlarla çıxış etdiyini xatırladıb:

“Bizim çox geniş maliyyə, insani resurslarımız var. Bütün bunların nəticəsində işğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulması prosesi sürətlə həyata keçirilməkdədir. Bu nöqteyi-nəzərdən Kəlbəcər və Laçın rayonlarına səfər çərçivəsində atılan addımlar da bu reallığı bir daha təsdiqlədi. Hər iki rayonda geniş bərpa-quruculuq işlərinin görülməsi, xüsusilə Laçında Beynəlxalq Hava Limanının tikilməsi Qarabağın, Şərqi Zəngəzurun, o cümlədən regionun simasını dəyişə biləcək hadisələrdir. Prezidentin Kəlbəcərdəki çıxışında diqqəti cəlb edən nüanslardan biri onunla bağlı idi ki, biz Kəlbəcərə və Laçına qayıtdıq, Kəlbəcəri və Laçını 1992 və 1993-cü illərdə ermənilər işğal etmişdilər, bu işğalların reallaşmasında o zamankı Xalq Cəbhəsi və Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti xüsusi rol oynamışdı. Şuşa və Laçının işğal olunması bu qüvvələrin hakimiyyətə gəlməsi üçün yaşıl işıq yandırırdı. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və o zaman AXC-Müsavat cütlüyü hakimiyyətdə idi. Bu işğalın baş verməsində onlar böyük məsuliyyət daşıyır. Onların yarıtmaz siyasəti, hakimiyyət hərisliyi torpaqların işğalında böyük rol oynadı. Prezident tarixdə olanları, sadəcə, dilə gətirdi, xatırlatdı. Xalq Cəbhəsi və Müsavat cütlüyü hakimiyyətinin yarıtmazlığı nəticəsində baş vermiş işğala İlham Əliyevin Ali Baş Komandanlığı altında son qoyuldu. Bu, tarixi hadisədir”.
Deputat vurğulayıb ki, AXC işğala son qoyan prezidenti təbrik etməli, xalqdan üzr istəməli idi:
“Məntiqlə yanaşsaq, gərək bu gün AXC-nin o zamandan qalan tör-töküntüləri Azərbaycan Prezidentini təbrik etməli, ona təşəkkürlərini bildirməli idilər. Təşəkkür etməli idilər ki, onların yarıtmaz siyasətinin nəticəsi olaraq Kəlbəcər ermənilər tərəfindən işğal edilmişdi və bu gün Siz Ali Baş Komandan olaraq o torpaqları azad edib oraya qayıtmısınız, Kəlbəcəri və Laçını yenidən qurursunuz. Onlar bununla həm də ictimaiyyətdə, xalq arasında etdiklərinin üzrünü istəmiş olardılar. Lakin onlar Prezidentə minnətdar olmaq əvəzinə təəssüf ki, ənənəvi qaragüruhluqdan, şəxsi qərəzlərindən əl çəkmirlər. Özlərinin zamanında yol verdikləri səhv və xəyanətkar hərəkətlərə görə üzrxahlıq ifadə etmək əvəzinə yenə də həmişəki davranışlarında davam edirlər. Xalq Cəbhəsinin rəhbəri bu gün Azərbaycan Prezidentini Kəlbəcərə və Laçına getdiyi üçün hədəfə alıb. Cürbəcür iddialarla çıxış edirlər, guya Azərbaycan Prezidenti fərqli bir yolla oraya getməli idi. Onların bu cür mövqeyi tənqidə dözmür və özlərini xalqın hədəfinə çıxarır. Belə bir misal var, sürünmək üçün doğulanlar uça bilməzlər. Onlar hər zaman sürünüblər və 28-30 il bundan öncə necə idilərsə, o cür əxlaq tərzi ilə də çıxış edirlər. Onlar nə qədər ki, buraxdıqları tarixi səhvləri, xəyanəti etiraf etməyiblər, yenə də Azərbaycan ictimaiyyətinin yaddaşında xəyanətkar və satqın kimi qalacaqlar. Prezident isə qəti iradə göstərməklə, torpaqları işğaldan azad etməklə tarixi reallıqlar yaratdı. Prezident bununla təkcə Azərbaycan tarixinə deyil, həm də dünya hərb tarixinə adını yazdırdı”.
Aygül Qarayeva Demokrat.az


