Gündəm

Deputat: "Kəlbəcər və Laçın Azərbaycan iqtisadiyyatının inkişafında vacib rol oynayacaq"

Deputat: Kəlbəcər və Laçın Azərbaycan iqtisadiyyatının inkişafında vacib rol oynayacaq

“Prezidentin səfəri çərçivəsində Kəlbəcər və Laçının ölkə iqtisadiyyatında oynayacağı rolu daha yaxşı müşahidə edə bildik. Bunun üçün yol infrastrukturunun olması, hava limanın fəaliyyət göstərməsi vacibdir. Prezidentin göstərişi ilə artıq bu istiqamətdə mühüm addımlar atılıb. İşğaldan azad edilmiş rayonlarda görülən işlər siyasi iradənin, stabil iqtisadi inkişafın təcəssümüdür”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfərləri barədə danışan deputat vurğulayb ki, bu bölgələr Azərbaycan iqtisadiyyatının inkişafında vacib rol oynayacaq:

“Kəlbəcər və Laçın rayonları ölkə iqtisadiyyatında mühüm rol oynayan bölgələrimizdəndir. 1988-ci ilin statistikasına nəzər yetirsək, görərik ki, istər kənd təsərrüfatı ilə bağlı, istərsə də sənaye sahəsində hər iki rayonun böyük potensialı var. Müalicəvi-mineral su ehtiyatları, enerji ehtiyatları baxımından, kənd təsərrüfatı, xüsusilə iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq sahəsində bu rayonların böyük iqtisadi potensialı mövcuddur. Bu potensialın ölkə iqtisadiyyatına inteqrasiyası və dövriyyəyə cəlb olunması üçün həmin ərazilərdə genişmiqyaslı işlərin keçirilməsi çox vacibdir. Bu istiqamətdə görüləcək ən vacib işlərdən biri orda yol infrastrukturunun bərpa edilməsidir. Prezidentin göstərişinə əsasən uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın yolunun inşa edilməsi, Laçında Beynəlxalq Hava Limanının təməlinin qoyulması bu rayonların iqtisadi inkişafın əsas istiqamətlərdən olduğunu göstərir. Həm turizm, həm sənaye, tikinti materialları baxımından bu bölgələrimizdə böyük potensial var.

Rayonların işğaldan azad edilməsindən sonra bölgələrdə görülən işlər Azərbaycanın planlarını və perspektivlərini əks etdirir”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az