“Həm Ermənistanın, həm Rusiyanın, həm də Ermənistanın Qərbdəki havadarlarının son təxribatlarda geosiyasi maraqları var. Düşünürəm ki, bunda Nikol Paşinyanın hökumətinin də daxili siyasətə hesablanmış maraqları da yox deyil. Dövlət sərhədində, yaxud Qarabağda təxribatların törədilməsi, mövqelərimizin atəşə tutulması Ermənistan ictimaiyyətini bir çox problemlərdən uzaqlaşdırıb təhlükəsizlik məsələlərinə köklənməsinə imkan yaradır. Ermənistanda çox ciddi problemlər var və bu məsələlər yaxın gələcəkdə həll ediləcək kimi görünmür. Ona görə də, bu təxribat halları həm də ölkə ictimaiyyətinin diqqətini hazırkı iqtisadi böhran vəziyyətindən yayındırmaq məqsədi daşıyır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.
O, Azərbaycan-Ermənistan sərhədində, həmçinin Qarabağda baş verən təxribatlarda Ermənistanın məqsədinin sərhədlərin müəyyənləşməsini yubatmaq olduğunu bildirməklə yanaşı, müxtəlif qüvvələrin siyasi maraqlarının olduğunu da deyib:
“Gərginliyin yaradılmasında digər məqsəd sərhədlərin müəyyənləşdirilməsi prosesinə müəyyən sabotaj yaratmaqdır. Sərhədlərin müəyyənləşməsi hazırkı vəziyyətdə Paşinyanın maraqlarına uyğun deyil. Ermənistanın Qarabağı işğal etdiyi vaxta qədər olan sərhədlər çərçivəsinə qayıtması Paşinyanın hakimiyyətini çətin vəziyyətə salır. Müxalifətdə olan siyasi qüvvələr, xüsusilə də revanşist klanına mənsub dairələr Nikolu xəyanətkar, torpaqları satan şəxs kimi qələmə verir. Bu da müəyyən mənada ictimai rəyə təsir edir. Bu baxımdan, Ermənistan ən azından indiki vəziyyətdə sərhədlərin müəyyənləşməsi prosesini yubatmaq üçün bu cür süni təxribatların olmasına ehtiyac duyur. Bununla da, qarşı tərəf diplomatik danışıqların həyata keçirilməsinin çətin olduğunu göstərməyə çalışır.
Gərginliyin yaradılmasında həm də geosiyasi maraqlar var. Paşinyan hazırda Rusiyanı aşkar xilas obrazında kimi görmür. O, dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etsə də, “bu məsələ sərhəd məsələsidir və iki dövlət arasında həll edilməlidir” cavabını alıb. Digər sözlə, KTMT birmənalı şəkildə prosesə hərbi müdaxilədən imtina edib. Belə olan halda, Paşinyan Qərbdəki havadarlarının prosesə müdaxiləsini istədi. Bu istiqamətdə həm ABŞ və Fransa, həm də Avropa Birliyində bəzi siyasi qüvvələr Paşinyana stimul verdilər. ATƏT-in Minks qrupunun digər həmsədr dövlətləri – ABŞ və Fransa yenidən prosesə qayıtmaq üçün çoxdan fürsət gözləyirlər. Bu, Azərbaycanın maraqlarına uyğun olmasa da, Paşinyan bu təşkilatın yenidən fəaliyyətə başlamasında maraqlıdır. Bu, ən azından Ermənistan hökumətinə zaman qazandıracaq. Ermənistan bu dövlətlərin vasitəsilə qismən də olsa sərhədlərin müəyyənləşməsi prosesində özünün maraqlarını təmin etməyi düşünür. Ermənistan ordusunun Azərbaycan mövqelərini atəşə tutması ilə delimitasiya və demarkasiya prosesinin yaddan çıxmasını planlaşdırır və diqqətləri yenidən Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə yönəltməyə çalışır”.
Politoloqun sözlərinə görə, rus sülhməramlılarının fəaliyyətindəki narahatlıq doğuran məqamlar, həmçinin Rusiya Müdafiə Nazirliyinin Ermənistana hərbi yardımla bağlı açıqlamalar Rusiyanın bölgə ilə bağlı maraqlarını ifadə edir:
“Proseslərdə Rusiyanın da geosiyasi maraqları var. Rusiya tərəfi indiki vəziyyətdə proseslərin dinc şəraitdə irəliləməsində maraqlı deyil. Proseslərin rəvan getməsi və konkret nəticələrin əldə edilməsi Rusiyanın missiyasının bitməsi demək olar. Mövcud gərginliyin davam etməsi Rusiyaya proseslərdə həlledici amil olaraq davam etməyə zəmin yaradır. Təxribatlar və gərginliyin davam etməsi Rusiyaya hər iki tərəfə təsirini davam etdirmək imkanı verir. Digər tərəfdən, Rusiya bu vəziyyətdən istifadə edərək, həm də Azərbaycana öz maraqlarını ifadə edir. Məlumdur ki, Rusiya Azərbaycanın Avrasiya İttifaqına və KTMT hərbi blokuna qoşulmasını istəyir. Bu məsələ dəfələrlə açıq şəkildə dilə gətirilib, Azərbaycan isə buna müsbət yanaşmır və bunun yaxın zaman çərçivəsində mümkün olacağını da düşünmürəm.
Rusiya proseslərlə bağlı ikili oyun oynayır. Bir tərəfdən ATƏT-in Minsk qrupunun fəaliyyətinə razı olduğunu deməklə, öz mümkün təzyiqini ifadə edir, digər tərəfdən məlumdur ki, Rusiya Minsk qrupunun fəaliyyətində o qədər də maraqlı deyil. Çünki digər həmsədr dövlətlərin prosesə müdaxiləsi Rusiyanın dominantlığını əlindən alır. Rusiya Müdafiə Nazirliyi Ermənistan ordusunun yenidən qurulması və yeni silahlarla təmin edilməsini müzakirə edir. Bu, dolayısı ilə Azərbaycana təzyiq mexanizmidir. Keçən 30 il ərzində Rusiya Ermənistanı hər cəhətdən silahlandırdı, təmin etdi. Nəticədə isə 30 il ərzində qurulan ordu 44 gündə darmadağın edildi. Darmadağın olan təkcə Ermənistan ordusu deyildi, həm də Rusiyanın hərbi maşını idi. Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılan, məhv edilən texnikalar, silahlar Rusiyanın idi. Bütün bunların fonunda Qarabağda baş verən proseslərin sərhəddəki hadisələrdən fərqli cərəyan etdiyini demək olar. Rusiyanın uzun müddət Qarabağda qalmaq niyyəti gizli deyil. 10 noyabr üçtərəfli bəyanatında sülhməramlıların fəaliyyəti 5 illik nəzərdə tutulur. Lakin Rusiya bu müddətin uzanması üçün bölgədə problemlərin davam etməli olduğunu da bilir və son zamanlar bu cür maneələr yaradılır”.
Politoloq bildirib ki, proseslərin bu cür davam etməsi Azərbaycanın anti-terror əməliyyatına başlamasına səbəb olacaq:
“İranın Qarabağa qanunsuz silah daşıması, Rusiyanın Ermənistandan erməni hərbçilərini mülki geyimlərdə Qarabağa buraxması və yeni erməni postlarının yaradılması kimi proseslər baş verir. Bu, Rusiyanın prosesə nəzarət etmədiyini göstərmir, əksinə, Rusiya nəinki hadisələrə təsir edir, hətta prosesləri idarə edir. Buna görədir ki, 10 noyabr anlaşmasının 4-cü bəndi – qanunsuz silahlıların Qarabağdan çıxarılması həyata keçirilmir. Bu məsələ çox ciddi müzakirə predmetidir və yaxın perspektivdə Qarabağda anti-terror əməliyyatlarının keçirilməsinə gətirib çıxara bilər. Çünki Azərbaycana başqa çıxış yolu qoymurlar. Ermənistanın daxili və xarici maraqları, regiondakı Ermənistanın havadar dövlətlərinin geosiyasi maraqları, həmçinin proseslərdə vasitəçi kimi çıxış edən Rusiyanın maraqları gərginliyin yaranmasına, mövqelərimizin atəşə tutulmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün Azərbaycan qardaş Türkiyə ilə birlikdə Ermənistan və Rusiya üçün dairəni daraltmalı, yeni proseslər yaratmalı və digər qüvvələri həmin prosesə cəlb etməlidir. Bizim üçün proseslər, maneələr yaradılırsa, biz həmin proseslərin arxasına getmək məcburiyyətində qala bilərik. Əksinə, Azərbaycan yeni proseslər və reallıqlar yaratdıqca Ermənistan və Rusiyanı həm Qarabağda, həm də regionda çox çətin vəziyyətdə salacaq”.
Aygül Qarayeva Demokrat.az


