“Prezident İlham Əliyevin Kəlbəcərə səfəri tarixi əhəmiyyətə malikdir. Bilirik ki, Ermənistanın sərhəddə ən çox gərginlik yaratdığı ərazi məhz Kəlbəcər istiqamətindədir. Ermənilər müxtəlif təxribatlara əl ataraq Kəlbəcər ərazisini gərginlik altında saxlamaqla sərhədlərin delimitasiya və demarkasiyasından yayınmaq istəyirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputatın sözlərinə görə, prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində verdiyi açıqlamalar Ermənistana və ona stimul verən tərəflərə ciddi xəbərdarlıq idi:
“Prezident İlham Əliyev əvvəl CNN Türk kanalı vasitəsilə düşmənlərə mühüm mesajlar verdi. Bir neçə gün sonra isə Kəlbəcərə və Laçına səfər edərək, mühüm strateji obyektlərin təməlini qoydu. Dövlət başçısının Kəlbəcərdə dövlət bayrağımızı qaldıraraq, çıxışında “Biz harda lazımdırsa, orda dayanmışıq və harda lazım olacaqsa, orda dayanacağıq, kimin xoşuna gəlmirsə, gedib su içsin deməsi” ermənilərə, həm də onların havadarlarına qəti cavabımızı və sərt mövqeyimizi açıqlayır. Prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ermənilərin məskunlaşdığı və rus sülhməramlıların məsuliyyət dairəsində olan ərazilərin də Azərbaycana məxsus olduğunu bir daha xatırlamaqla, ölkəmizin ərazi bütövlüyünü təmin etdiyimizi düşmənin və onların havadarlarının diqqətinə çatdırdı. Həmçinin prezident Qərbi Zəngəzura olan gələcək planlarımız haqqında da mühüm mesajlar verdi. Qərbi Zəngəzurda yerləşən tarixi torpaqlarımızdakı toponimlərin də tarixi adlarla ifadə olunmasının tövsiyə olunması gələcəyə planlarımızın səsləndirilməsi kimi başa düşmək olar”.
Deputat bildirib ki, Ermənistanın yenidən münaqişə cəhdləri bu ölkənin və havadarlarının daha ağır məğlubiyyəti ilə nəticələnəcək:
“Prezident İlham Əliyev Murovdan Araz çayına qədər bütün sərhədimizdə ordumuzun mövqelərinin möhkəmləndirdiyini və qazanılmış zəfərimizin möhkəmləndirilməsinə davam edəcəyimizi deməklə ermənilərə arxa dayanaraq bölgədə gərginlik yaratmağına çalışan qüvvələrə də yeni mesaj göndərdi. Əslində, Azərbaycanla üz-üzə dayanmağına və təxribatlar törətməyinə ermənilərin nə hərbi, nə də iqtisadi gücü var. Ermənilərin yenidən təxribatların törətməsi və revanşizmə ruhlanması ağalarına arxayınlaşmasından irəli gəlir. Lakin erməni ağaları bilməlidirlər ki, Bakıda açılmış Hərbi Qənimətlər Parkında bir az boş yer saxlamışıq. Erməniləri yenidən hərbi toqquşmaya sövq etsələr, verdikləri hərbi texnikalar yenidən məhv edilərək, Hərbi Qənimətlər Parkının boş saxladığımız yerlərində nümayiş olunacaq”.
Aygül Qarayeva Demokrat.az


