Gündəm

Dövlətin qətiyyətli siyasəti Qarabağa həyatın tam qayıtmasını sürətləndirir

Dövlətin qətiyyətli siyasəti Qarabağa həyatın tam qayıtmasını sürətləndirir

44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan torpaqlarda quruculuq işləri ilə bağlı müəyyən suallar yaranmışdı. Çünki hər şey sıfırdan başlamalı idi. Ermənilər 30 ilə yaxındır işğal altında saxladığı ərazilərimizdə elə bir vəhşilik törətmişdi ki, mənzərə qorxunc idi: şəhərlər, kəndlər tamamilə dağıdılıb, evlərin daşı, dam örtükləri, dəmir məmulatları - nə varsa daşınıb, satılıb, sovrulub. Ən xırda infrasrtuktur belə mövcud deyil. Hər qarışında erməni faşizminin izlərini özündə daşıyan Füzulidə, Ağdamda, Cəbrayılda və başqa ərazilərimizdə barbarlığın miqyası ölçüyəgəlməz və indiyə qədər görünməyən şəkil alıb. Üstəlik, düşmən torpaqları tərk edərkən faşist sifətini bir daha göstərib, ərazilərə saysız-hesabsız minalar döşəyib.

Bu tablo azadlığa qovuşmuş ərazilərimizə həyat vermək, dönmək üçün kifayət qədər böyük zaman tələb edəcəyini diqtə edirdi. Üstəlik, müharibədən çıxmış, pandemiya ilə mübarizə aparan bir ölkənin böyük maliyyə vəsaitləri tələb olunan quruculuq işlərinə tez bir zamanda başlayacağı bir çoxlarına inandırıcı görünmürdü.

Fəqət müharibədən ötən 9 ay ərzində görülən işlər tam fərqli durum yaradıb. İşğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa işləri ağlagəlməz sürətlə həyata keçirilməkdədir.

Bir yandan minatəmizləmə işləri aparılan ərazilərdə, paralel olaraq infrastruktur işləri icra olunmaqdadır. Erməni vəhşilərinin xarabaya çevirmək istədiyi Qarabağda, Şərqi Zəngəzurda böyük infrastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları çəkilir. Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplandığını və səfərbər olunduğunu açıqlayıb: “30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq”.

Prezidentin qədim yurd yerlərimizə qayıdışın uzaqda olmamasını bəyan etməsini görülən işlər sübut edir. Artıq Qarabağda birinci pilot layihə gerçəkləşməkdədir. Zəngilan rayonunda 3 kəndi birləşdirən layihənin bu ilin sonuna başa çatması gözlənilir. Bu, o deməkdir ki, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Bundan başqa, bir neçə kəndin planı da təsdiqlənib. Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib. Prezident bildirib ki, yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək. Ağdam şəhərinin baş planı təsdiqlənib, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur.

Bu günlərdə Prezidentin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı da yeni obyektlərin açılış və təməlqoyma tədbirlərinin şahidi olduq. Yeni yarımstansiyanın fəaliyyətinə start verən Prezident su elektrik stansiyasının tikintisi ilə tanış oldu. Həmçinin, Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməli qoyuldu və s. Azərbaycan cəmiyyəti pilot layihələr kimi insanlarımızın Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olduğunu qürurla izlədi.

Bu gün azad olunmuş ərazilərdə 700 kilometr yolların çəkilişi prosesi gedir və qışa qədər işin təqribən 80 faizi görüləcək. Bu, ərazilərimizdə həm də hərbi nöqteyi-nəzərdən möhkəmlənmək deməkdir.

Qarabağa dönüş prosesində önə çıxan bir neçə məqam diqqətdən yayınmamalıdır:

Birincisi, Azərbaycan bütün bu işləri öz imkanları hesabına edir və bu ölkəmizin iqtisadi qüdrətini bütün dünyaya, o cümlədən düşmənə nümayiş etdirən mühüm xüsusdur. Azərbaycan dövləti öz torpaqlarını təkbaşına azad etdiyi kimi, quruculuq işlərini də heç kimdən maliyyə yardımı almadan sürətlə icra etməkdədir.

İkincisi, quruculuq işlərinin zaman itirilmədən həyata vəsiqə qazanmasıdır. Azərbaycan dövləti bir an öncə hər baxımdan Qarabağda, əzəli torpaqlarımızda möhkəmlənmək xətti seçib və artıq buna nail olub. Təkcə yaşayış yerlərində infrastukturun qurulması həyata keçirilmir.

Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca infrastruktur, hərbi hissələr yaradılır.

Üçüncüsü, bərpa və quruculuq işlərinin ən müasir üsul və yanaşmalar nəzərə alınmaqla həyata keçirilməsi və paralel olaraq Qarabağın tarixi simasının qorunub saxlanmasıdır. Bu gün Zəngilanda “Ağıllı kənd” layihəsi icra olunursa, qədim Şuşada tarixi sima qorunmaqla bərpa işləri görülür. Eyni yanaşma, digər ərazilərimizdə də öndə gəlir.

Bütün bunlar o inamı möhkəmlədir ki, Qarabağa həyatın tam qayıtması, oranın yenidən cənnətə dönməsi günü yaxındır!

Elman Babayev Əməkdar jurnalist Demokrat.az

D
demokrat.az