“Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Laçına səfəri, vacib layihələrin təməlqoyma mərasimində iştirak etmələri və dövlət başçısının açıqlamaları özündə bir çox məsələni ehtiva edir. Son vaxtlar Kəlbəcər istiqamətində dövlət sərhədində Ermənistanın təxribat hallarının şahidi oluruq. Belə bir zamanda prezidentin həmin rayonlara səfəri həm də rəmzi məna daşıyır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat Azərbaycan Prezidentinin siyasi iradəsinin proseslərdə həlledici olduğunu və Ermənistanın müharibə dövründə olduğu kimi hələ də ağır şəraitdə olduğunu qeyd edib:
“Ermənistan son addımları ilə göstərdi ki, öz çirkin niyyətlərindən əl çəkmir, sabitliyi pozmaq istəyir. Lakin hər zaman olduğu kimi Azərbaycan beynəlxalq hüququ, norma və prinsipləri rəhbər tutur, sülhü, qarşılıqlı əməkdaşlığı, normal qonşuluq prinsiplərini təbliğ edir. Prezidentin Kəlbəcər və Laçına səfəri zamanı bir daha bu siyasətin şahidi olduq. Hazırda güc mübarizəsi deyil, informasiya müharibəsi davam edir. Prezidentin səfər etdiyi bölgələrdən verdiyi açıqlamalar da bu müharibədə nə qədər irəlidə olduğumuzu göstərir. Ermənistan bütün komanda ilə oynamağa çalışsa da, Azərbaycan Prezidenti təkbaşına bu komandaya qalib gəlir.
Məlum olduğu kimi, Azərbaycan Laçın və Kəlbəcəri bir güllə belə atmadan işğaldan azad etdi. Müharibədən sonrakı vaxtda da Azərbaycan öz humanizm prinsiplərinə sadiq qaldı, Rusiya prezidentinin müraciətinə əsasən ermənilərə bu bölgələri tərk etmək üçün əlavə vaxt verdi. Ermənistan isə yenə də öz çirkin əməllərini, vandalizm siyasətini bir daha göstərdi. Həmin əraziləri dağıtdılar, yandırdılar, lazımsız əşyaları belə daşımaqdan çəkinmədilər. Bu hərəkətlə Ermənistan gülüş obyektinə çevrildi. Ermənilər necə aciz olduqlarını, həm də nə qədər gülməli, bədbəxt həyat yaşadıqlarını göstərdilər. Çox təəssüf ki, ölkəmizin qonşularından biri məhz belə bir dövlət, millətdir. Hüquqi tərəfdən baxsaq, bu qurumu heç dövlət də adlandıra bilmirik, çünki bir dövlətin əsas rəmzlərindən biri sərhədlərinin olması və onun qorunmasıdır. Ermənistanın isə bir respublika kimi sərhəd xidməti yoxdur, onun sərhədlərini başqa dövlətin hərbçiləri qoruyur. Bu amil belə özlüyündə bir çox məsələlərdən xəbər verir”.
Deputat bildirib ki, Kəlbəcər və Laçında görülən işlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı planlarını, bərpa prosesini əks etdirir:
“Dövlət başçısı Kəlbəcər və Laçına səfəri zamanı bir çox obyektlərin, infrastruktur layihələrinin təməlini qoydu. Prezidentin səfəri çərçivəsində şahidlik etdik ki, ermənilərin xarabalığa çevirdiyi şəhərlərin bərpası prosesi uğurla davam etdirilir. Prezidentin də qeyd etdiyi kimi, işğaldan azad edilən ərazilər yenidən qurulacaq. Hava limanları, yollar, tunellər, “Kəlbəcər” yarımstansiyası inşa olunur və olunacaq. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın buna həm iqtisadi gücü, həm də siyasi iradəsi var. Dövlətimiz davam etdirdiyi siyasətlə bir daha sübut edir ki, bizim üçün ədalət, sülhpərvər olmaq daha vacibdir və bizim xalqımız bunun tərəfdarıdır. Ermənistan nə qədər dağıdıbsa, Azərbaycan daha artığını tikir, yaradır. Dövlətimiz xalqın gələcəyi üçün hər cür cəhdi göstərir”.
Aygül Qarayeva Demokrat.az


