Kəlbəcərdə Dövlət bayrağımızı ucaldan Ali Baş Komandan siyasi və hərbi-strateji şəraitin tam Azərbaycanın nəzarətində olduğunu nümayiş etdirdi.
- Prezident, qalib Ordunun Ali Baş Komandanı İlham Əliyevin Laçın və Kəlbəcər rayonlarına səfəri hazırkı hərbi-siyasi durum baxımından olduqca önəmli bir vaxtda baş verdi. Səfər Ermənistanın sərhəddə yenidən təxribatlara cəhd etdiyi bir dövrə təsadüf etdi. Burada Ali Baş Komandanın ermənilərə və onun havadarlarına ünvanlanmış hədəfli mesajları Azərbaycanın mövqeyini tam qabarıqlığı ilə bir daha ortaya qoydu. Azərbaycan, onun qalib Ordusu bir addım belə olsun, geri durmayacaq. Ölkəmizin öz torpaqlarına dönüşü, tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanmaqla, əbədidir!
Prezident çıxışında bir müddət öncə öz Sərəncamı ilə 14 iqtisadi rayonun yaradıldığını, onların arasında iki iqtisadi rayonun - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradıldığını təsadüfən xatırlatmadı. Bu, “Dağlıq Qarabağ” bölgüsünün həmişəlik ləğv olunmasına edilən önəmli vurğu idi. Bununla İlham Əliyev Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını, münaqişənin öz həllini tapdığını, bu məsələyə qayıtmağın əbəs olmasına işarə etdi. Prezidentin haqqa, ədalətə dayanan cəsarətli mövqeyi tarixə əsaslanmaqla yanaşı, gələcəyə hesablanmış bir addımdır və Ali Baş Komandan açıq şəkildə bunu ifadə etdi: “Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”.
Dövlət başçısı çıxışında tarixi faktlara istinad edərək, Azərbaycanın qədim yurd yerlərinin adlarının dəyişdirildiyini vurğuladı. Bu, işğalçı, revanşist meyllərə yuvarlanmaq həvəsi baş qaldıran Ermənistana qədim Azərbaycan torpaqlarında mövcud olmasına xatırlatma, eyni zamanda gənclərə, yazı, elm adamlarına verilən vacib tövsiyə idi: “Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”.
Prezident çıxışı zamanı sərhəddə baş qaldırması üçün cəhd olunan revanşist meyllərin arxasında duran çirkin niyyətlərin üzərindən birdəfəlik xətt çəkdi. Azərbaycanın bütün sərhəd boyunca - Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturunun, hərbi hissələrin yaradılmaqda olduğunu, sərhədlərdə möhkəmləndiyimizi bəyan etdi: “Biz, eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk. Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın”.
Ali Baş Komandanın ermənilərə, onların havadarıarına ünvanlanan mesajlarından çıxan nəticələr budur ki, Dağlıq Qarabağ ərazi bölgüsü artıq yoxdur və Azərbaycan öz tarixi torpaqlarına əbədi dönüb. Qarabağla bağlı tarixi yanlış ifadələr rəsmi olaraq aradan qaldırılıb və digər ərazilərimiz də öz tarixi adları ilə çağırılacaq. Həmçinin, bundan sonra Qarabağla bağlı hansısa müzakirələrdə, sülh sazişinin hazırlanmasında Dağlıq Qarabağ adı ətrafında hər hansı spekulyasiyalara imkan verilməyəcək. Prezidentin 44 günlük müharibədən sonra dəfələrlə bəyan etdiyi mövqeyi zərrə qədər də dəyişməyib- Dağlıq Qarabağ adı altında status məsələsi olmayacaq! Ermənistan və havadarları reallıqla barışmalıdırlar! Ermənilər digər azsaylı xalqlar kimi yalnız Azərbaycan vətəndaşı olaraq Qarabağda yaşamaq imkanına malikdirlər!
Prezidentin səfəri zamanı füsunkar təbiətə malik Kəlbəcərin, Laçının nə qədər mürəkkəb relyefə malik olması bir daha göz önündə sərgiləndi. Məhz 44 günlük müharibə zamanı qazanılan zəfər, həyata keçirilən qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü çoxsaylı itkilərin qarşısını aldı, Ermənistan kapitulyasiyaya, Laçın və Kəlbəcərlə yanaşı, Ağdamı boşaltmağa məcbur qaldı.
Beləliklə, Prezident, Ali Baş Komandan Qarabağın ən yüksək zirvələrindən biri olan Kəlbəcərdə bayrağımızı ucaldaraq bu torpaqlara əbədi qayıtdığımızı xüsusi vurğu ilə bəyan etdi: “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”.
Bu o deməkdir ki, siyasi və hərbi-strateji şərait tam Azərbaycanın nəzarətindədir. Ermənistanda baş qaldırılmasına cəhd olunan revanşist meyllər reallığı dəyişmək imkanında deyil.
İndi Azərbaycanın əsas hədəfi sərhəddə möhkəmlənməklə yanaşı, qədim yurd yerlərini bir an öncə yenidən qurmaq, erməni faşizminin viran qoyduğu ərazilərə həyat verməkdir. Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda istifadəyə verilən və təməli qoyulan obyektlər bu istiqamətdə görülən işlərin miqyasını göz önündə sərgilədi: yeni yarımstansiya fəaliyyətə başladı, Prezident su elektrik stansiyasının tikintisi ilə tanış oldu, Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməli qoyuldu və digər infrastruktur layihələrinin artıq icra edilməkdə olduğu vurğulandı. Bu gün 700 kilometr uzunluğunda yolların çəkilişi prosesi də gedir və qışa qədər işin təqribən 80 faizi görüləcək. Bu, həm də hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənmək deməkdir. Qarabağın digər ərazilərində-Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib, böyük quruculuq işləri geniş vüsət alıb. Ağdam şəhərinin baş planı təsdiqlənib, digər şəhərlərin baş planının təsdiqlənməsi yaxın aylarda nəzərdə tutulur. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlərin yerləşməsi planlaşdırılır.
Bütün bunları Azərbaycan öz imkanları hesabına edir və Qarabağa əbədi dönüşümüzü möhkəmləndirən addımların sürətlə həyata keçirilməsi qürurvericidir. Eyni zamanda, Azərbaycanın iqtisadi qüdrətini bütün dünyaya, xüsusilə düşmənə göstərən xüsuslardır.
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


