Gündəm

Deputat: "Dövlət başçısının Kəlbəcər və Laçına səfəri strateji əhəmiyyət daşıyır"

Deputat: Dövlət başçısının Kəlbəcər və Laçına səfəri strateji əhəmiyyət daşıyır

“Dövlət başçısı İlham Əliyevin Kəlbəcər və Laçına səfəri strateji əhəmiyyət daşıyır. İşğaldan azad olunmuş ərazilərimizə ölkə rəhbərinin və birinci vitse-prezidentin səfəri Azərbaycanın gücünü və azad olunmuş torpaqların bərpa potensialını bir daha göstərdi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Dövlət başçısının səfəri çərçivəsində iştirak etdiyi infrastruktur və yenidənqurma tədbirləri barədə danışan deputat vurğulayıb ki, bununla da Kəlbəcər və Laçının iqtisadi potensialı, həmçinin aparılan işlərin əhəmiyyəti bir daha təsdiq olundu:

“Kəlbəcər və Laçın iqtisadi baxımdan Azərbaycan üçün vacib rayonlardandır. Kəlbəcər təbii ehtiyatlarına görə fərqlənən, həmçinin Cənubi Qafqazda turizm potensialı böyük olan bölgələrimizdəndir. Kəlbəcər Cənubi Qafqazda fasiləsiz turizm xidməti təklif etmək imkanına malik olan azsaylı şəhərlərdəndir. Bu baxımdan, həm Kəlbəcər, həm də Laçının böyük potensialı hər iki rayonun bərpa və yenidənqurma prosesindən sonra Azərbaycan iqtisadiyyatına daha böyük töhfə vermək imkanına malik olacağını göstərir.

Deputat: Dövlət başçısının Kəlbəcər və Laçına səfəri strateji əhəmiyyət daşıyır

Digər tərəfdən, Azərbaycan Prezidentinin iştirakı ilə müxtəlif təməlqoyma mərasimləri həyata keçirildi. Kəlbəcər-Laçın avtomobil yolunun tikilməsi, həmçinin Kəlbəcərdə yeni nəqliyyat infrastrukturunun formalaşdırılması və inkişafı, Laçında Beynəlxalq Hava Limanının təməlinin qoyulması növbəti dövrdə bu bölgələrin strateji əhəmiyyətini daha da artıracaq. Laçında inşa edilən hava limanı bölgənin potensialının təqib edilməsi, bütövlükdə regionda təhlükəsizliyin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Laçın Beynəlxalq Hava Limanının inşası regional təhlükəsizliyə töhfədir. Kəlbəcər və Laçının turizm potensialının böyük olması bu hava limanının bölgənin inkişafına dəstək verməsinə imkan yaradacaq. Laçında hava limanının tikilməsi beynəlxalq uçuşların həyata keçirilməsi, çoxsaylı turistlərin bölgəyə rahat səfər etməsi deməkdir. Bununla həmçinin həmin ərazilərdə istehsal edilən qeyri-neft məhsullarının daha böyük bazarlara çıxarılması üçün vacib şərait yaranacaq. Formalaşmaqda olan infrastruktur Kəlbəcər və Laçının Azərbaycan iqtisadiyyatındakı payının artırılmasına imkan verəcək”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az