“Məlum olduğu kimi son günlərdə Azərbaycanın işğaldan azad olunmuş rayonları ilə sərhəd ərazilərdə erməni hərbi qruplaşmaları müxtəlif silahlardan istifadə edərək danışıqlar zamanı əldə olunmuş razılığa zidd addımlar atırlar. Təbii ki, bu hal qəbulolunmazdır. Hadisələrin Rusiya sülhməramlılarının gözü qarşısında baş verməsi isə 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatı tamamilə alt-üst edir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.
Deputat bildirib ki, Rusiyanın Ermənistana hərbi istiqamətdəki dəstəyi Azərbaycanda ciddi və haqlı narazılıq yaradıb:
“Bildirmək istəyirəm ki, Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlaması ilə bağlı verdiyi açıqlama istər dövlət, istərsə də cəmiyyət olaraq ciddi narahatlıq yaradır. Ölkə rəhbəri cənab İlham Əliyev Bakıda CNN Türk kanalına müsahibəsində də bu məsələyə toxunaraq, açıq və dəqiq şəkildə fikrini bildirdi. Azərbaycana qarşı atılacaq istənilən silahlı provakasiyanın qarşısı qətiyyətlə alınacaq. Görünür mənfur düşmənlər hələ də 44 günlük müharibədən özlərinə dərs çıxarmayıblar. Azərbaycan ordusu istənilən zaman düşmənin başını əzməyə hazırdır və qadirdir”.
Deputat qeyd edib ki, istənilən təxribat addımı Azərbaycanın anti-terror əməliyyatına başlaması ilə nəticələnə bilər, bu isə Ermənistanın sonu olacaq:
“Bu gün Ermənistanı qarşıdurmaya yönəltməyə çalışan və qonşu ölkələrlə dinc yaşamasını əngəlləməyə cəhd göstərən radikal çevrələr, revanşistlər hələ də anlamaq istəmirlər ki, iki və çoxtərəfli əməkdaşlıq təcavüzkar ölkəyə hamıdan çox gərəkdir. Çünki hazırda Ermənistanda siyasi ab-hava ağır vəziyyətdədir. Otuz illik işğal siyasəti onların perspektivlərini alt-üst edib. Ötən illər ərzində Ermənistanda işğal, təcavüz, talançılıq siyasəti reallaşdırılıb, respublika talanıb, ölkə regional əməkdaşlıqdan, mümkün iqtisadi imkanlardan tamamilə məhrum edilib. Bu isə xalqın sosial-iqtisadi durumunu son dərəcə ağırlaşdırıb. Bütün bunlara baxmayaraq, rəsmi İrəvanın yenə də dövlət sərhədimizdə təxribatlar törətməsi işğalçı ölkənin hər şeydən əvvəl öz xalqının gələcəyini düşünmədiyini göstərir. İşğalçı ölkənin hakimiyyəti əmin olmalıdır ki, Azərbaycan yeni bir anti-terror əməliyyatına başlayarsa, Ermənistan bunun qarşısını almaqda yenidən aciz qalacaq. Çünki yeni bir müharibə hərbi-iqtisadi baxımdan Ermənistanın sonunu gətirəcək”.
Aygül Qarayeva Demokrat.az


