Gündəm

Deputat: "Əks halda, ermənilər “Dəmir yumruğ”un zərbəsini yenidən yaşamalı olacaqlar"

Deputat: Əks halda, ermənilər “Dəmir yumruğ”un zərbəsini yenidən yaşamalı olacaqlar

“Azərbaycan Vətən müharibəsindən sonra konkret mövqe ilə çıxış edir, sülhün təmin olunması, sülh müqaviləsinin imzalanması, bunun üçün ilk növbədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması bizim əsas mövqeyimizdir. Həmçinin sərhədlərin demarkasiyası və delimitasiyalı prosesinin başlaması, Zəngəzur dəhlizinin və paralel olaraq nəqliyyat xətlərinin çəkilməsi də əsas istiqamətlərdəndir. Ermənistan isə müharibədən sonrakı dövrdə də fərqli mövqe sərgiləyir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

O, Ermənistanın təxribatlarına və Rusiya müdafiə nazirinin açıqlamalarına Azərbaycanın rəsmi mövqeyinin sərt olduğunu diqqətə çatdırıb:

“Azərbaycan Prezidenti Türkiyə mətbuatına verdiyi müsahibədə son vaxtlar baş verən təxribatlara və narahatedici məqamlara da toxundu. Rusiyanın müdafiə nazirinin Ermənistan silahlı qüvvələrinə dəstək verəcəyini, ordunu müasirləşdirilməsinə kömək edəcəyi ilə bağlı açıqlamaları Azərbaycan ictimaiyyətini narahat edir və bu narahatlıq rəsmi şəkildə Rusiyaya bildirilib. Təəssüf ki, rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə ermənilər tərəfindən canlı qüvvə və silahların daşınması, Ermənistan tərəfindən sərhəd boyu təxribatların törədilməsi qarşı tərəfin qəbulolunmaz mövqeyini göstərir. Azərbaycan dövlət başçısı son müsahibəsində bu nüanslara da toxunaraq bildirdi ki, Ermənistan sülh müqaviləsini imzalamaqdan imtina edirsə, bunu açıq şəkildə bəyan etsin. Belə olan halda, biz də öz siyasətimizdə dəyişiklik edə bilərik. Ermənistan yenidən fərqli ritorika ilə çıxış edəcəksə, Azərbaycan da 44 günlük Vətən müharibəsində onlara verdiyi dərsi təkrarlaya bilər. Məncə, bu, Ermənistana və onlara stimul verən qüvvələrə açıq mesajdır. Hər iki tərəf bu mesajdan ciddi nəticə çıxarmalıdır, əks halda onlara yeni dərs verilə bilər”.

Deputat qeyd edib ki, Azərbaycan bütün təsir mexanizmlərindən istifadə imkanını, o cümlədən Laçın dəhlizi ilə bağlı qərarların verilməsi səlahiyyətini lində saxlayır:

“Azərbaycan proseslərə nəzarət edir və hər cür vasitəni nəzərdə saxlayır. Təxribatlara qarşı Laçın dəhlizinin bağlanması da gələcək proseslərdə öz əksini tapa bilər. Zəngəzur dəhlizinin açılmasına süni maneələr yaradılırsa, Azərbaycan da Laçın dəhlizinin bağlanması səlahiyyətindən istifadə edə bilər. Bu isə Ermənistanın bundan sonrakı addımlarından asılı olacaq. Bu addımlar istiqamətindən asılı olaraq Ermənistanı xilas edə bilər. Ermənistan indiyə qədərki hadisələrdən dərs çıxarıb sağlam addımlar atsa, hazırkı ağır vəziyyətindən xilas ola bilər. Əks halda, onlar “Dəmir yumruğ”un zərbəsini yenidən yaşamalı olacaqlar. Üstəlik, Vətən müharibəsindəkindən daha güclü zərbə ilə”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az