Gündəm

Deputat: "Sülhməramlı qüvvələr Azərbaycan tərəfinin səbrini tükəndirməsinlər, yoxsa..."

Deputat: Sülhməramlı qüvvələr Azərbaycan tərəfinin səbrini tükəndirməsinlər, yoxsa...

“Rusiyalı sülhməramlıların Qarabağda yerləşməsinin əsas məqsədi 10 noyabr üçtərəfli razılaşmasının şərtlərinin yerinə yetirilməsidir. Sülhməramlıların fəaliyyəti ilə bağlı iki əsas sənəd var, BMT-nin sülhməramlı qüvvələrlə bağlı maddəsi və 10 noyabr bəyanatı. Digər sözlə, sülhməramlıların əsas fəaliyyəti istiqaməti iki münaqişə tərəfinin sülhə çağrılması, yeni mümkün müharibənin qarşısının alınmasıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

O, sülhməramlıların Azərbaycan ərazisindəki qanunsuz addımlarının ağır nəticələnə biləcəyini qeyd edib:

“Sülhməramlı qüvvələr yeni münaqişənin yaranmasına, həmçinin lokal hadisələrə mane olmalıdır. Lakin təəssüf ki, son vaxtlar rus sülhməramlı hərbçiləri öz səlahiyyətlərinə uyğun olmayan işlərlə məşğul olurlar. Bu, Rusiya və Ermənistanın strateji-hərbi tərəfdaş olduğunu ortaya qoyur. Prezident İlham Əliyev son müsahibəsində Rusiyanı Azərbaycanın tərəfdaşı kimi deyil, qonşusu kimi xarakterizə etdi. Bu, Rusiyanın hərbi cəhətdən mövqeyi, atdığı addımlarla bağlıdır. Hazırda Rusiya və onun sülhməramlı qüvvələri üzərinə düşən vəzifələrdən kənar işlərlə məşğul olurlar. Rusiya tərəfi başa düşməlidir ki, bu cür addımların sonu heç bir statusu olmayan erməni terrorçularına qarşı anti-terror əməliyyatına gətirib çıxara və regionda yeni münaqişənin alovlanması baş verə bilər. Rusiya indiki vəziyyəti, Azərbaycanın mövqeyini unutmamalıdır. Biz Laçın dəhlizində nə baş verdiyini bilirik və əməliyyat şəraitinə tam nəzarət edirik. Sülhməramlı qüvvələr Azərbaycan tərəfinin səbrini tükəndirməsinlər. Sülhməramlı hərbçilər öz vəzifələrini unutmamalı və səlahiyyətləri çərçivəsində hərəkət etməlidirlər. Rusiya Ermənistanla tərəfdaş olduğunu açıq şəkildə göstərə bilər, lakin bunun sonu çox ağır nəticələnə bilər”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az