"Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti cənab İlham Əliyevlə görüşməyə hazır olduğunu bəyan edib. O, daha sonra əlavə edib ki, Ermənistan tərəfi ölkədə keçirilmiş parlament seçkisi öncəsi fəaliyyətini dayandırdığını elan etdiyi və Ermənistan, Azərabyacan və Rusiya baş nazirlərinin müaviləri səviyyəsində yaradılmış üçtərəfli kommisiyanın fəaliyyətini yenidən canlandırmasına hazırdır".
Demokrat.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib.
Burada bir neçə sualın yarandığını vurğulayan siyasi ekspertin sözlərinə görə, xüsusilə qeyd edilməli bir neçə məsələ var ki, həmin məsələ erməni xislətinin açıq göstəricisi ola bilər: "Şübhə etmirəm ki, burada rus "barmağı" olmasın. Son günlərdə rus "sülhməramlıları"nın nəzarətində olduğu və Azərbaycanın suveren əraziləri olan Qarabağda missiyalarına uyğun olmayan fəaliyyət göstərməsi, daha dəqiq desək, həbi təlimlər keçməsi və bu təlimlərin də əsasını artileriya qurğularından təşkil edilməsi, üstəlik erməni terrorçu dəstələrini Ermənistan ərazisindən gətirib bu hərbi təlimlərə cəlb etməsi həm 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamələrinin şərtlərinə tamamilə ziddir, həm də beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Ən qısa zamanda rus "sülhməramlıları" 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamələrinə uyğun olaraq öz missiyalarının düzgün icrasına qayıtmasa, Ermənistandan gətirdikləri erməni silahlı terrorçularını və II Qarabağ savaşından sonra rus "sülhməramlıları"nın nəzarət etdiyi ərazilərdə qalmış erməni terrorçu dəstələrinin Qarabağ ərazilərindən tamamilə çıxarılmasını təmin edib tezliklə Ermənistana qaytarmasa, Laçın dəhlizində nəzarəti düzgün təşkil etməzsə, Azərbaycan üçün bir çıxış yolu qalır ki, bu da anti-terror əməliyyatları təşkil etməkdir".
Samir Hümbətov hesab edir ki, vəziyyətin getdikcə daha da gərginləşdiyini görən Nikol isə bu tip bəyanatlar verməklə öz erməni xislətini ortaya qoymağa çalışır: "Paşinyan belə halda dünyaya onu demək istəyir ki, mən Azərbaycana sülh çağrışları etməyimə baxmayaraq, Azərabycan Qarabağda hərbi əməliyyatları başladıb dinc erməni əhalisinə qarşı silah tətbiq etməyə çalışır. Təbii ki, terrorçu dəstələrinin Qarabağda olmasını isə erməni əhalinin müdafiəçisi kimi dünyaya təqdim etməyə çalışacaq. Hesab edirəm ki, Azərbaycan tərəfi həm Ermənistanın, həm də ona dəstək verən Rusiyanın atdığı addımlardan xəbərdardır. Odur ki, məsələ ilə bağlı Müdafiə Nazirliyi həm Rusiyaya, həm Ermənistana açıq xəbərdarlıq edib və xəbərdarlığında nə bütövlükdə 10 noyabr 2020-ci il üçtərəfli bəyannamə, nə də həmin bəyannamənin 4-cü bəndi Ermənistan və Rusiya tərəfindən icra edilmədiyini açıq şəkildə bildirib. Azərbaycan tərəfi isə danışıqlarla bağlı ilkin şərt kimi 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin 4-cü bəndinin şərtlərinə uyğun olaraq erməni silahlı terrorçularının rus "sülhməranlıları"nın nəzarət etdiyi Qarabağ ərazisindən tamamilə çıxarılması ola bilər. Fikrimcə, bundan sonra danışıqlar barədə düşünmək mümkündür. Əks təqdirdə proseslər öz məcrasından çıxa bilər".(hurriyyet.az)


