“10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanatda əksini tapan məsələlərdən biri də Rusiya sülhməramlılarının Azərbaycanın konkret ərazilərində müvəqqəti yerləşməsi ilə bağlıdır. Bəyanatın 4-cü bəndində nəzərdə tutulduğu kimi, sülhməramlılar həmin ərazilərdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə çıxarılmasını təmin etməlidir. Lakin ötən dövr ərzində sülhməramlıların fəaliyyəti ilə əlaqədar müxtəlif hadisə və proseslərin şahidi olmuşuq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloqun sözlərinə görə, son günlər ərzində Ermənistanın öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyasının sülhməramlı hərbçilərinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması növbəti neqativ haldır:
“Sülhməramlıların “məsuliyyət zonası” hesab olunan ərazilərdə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi dəstələrin diversiya aktları və təxribat cəhdləri baş verib. Bu isə həm regional təhlükəsizlik baxımından, həm də beynəlxalq hüquq normaları konteksində yolverilməz hal kimi Azərbaycan ictimaiyyətində ciddi narahatlıq və haqlı narazılıq yaradıb. Ona görə də, vaxtaşırı olaraq ictimaiyyət nümayəndələri Rusiya Federasiyasına məxsus sülhməramlı qüvvələrin öz səlahiyyətləri çərçivəsində müvafiq funksiyalarını beynəlxalq hüquq normaları və üçtərəfli bəyanatın tələbləri əsasında yerinə yetirmələri tələbi ilə çıxış ediblər.
Sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərdə belə təxribat cəhdlərinin və illeqal fəaliyyətin baş verməsi arzuolunmazdır, birbaşa üçtərəfli bəyanatın pozulmasına, sülh və təhlükəsizliyi hədəfə almağa yönəlib. Əlbəttə, Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir. Bütövlükdə, Rusiya sülhməramlıları göstərilən müddət ərzində fəaliyyətlərini nəzərdə tutulan səlahiyyət və funksiyaları çərçivəsində davam etdirməli, Ermənistan isə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlardan çəkinməlidir. Əks halda, məğlub ölkə “bumeranq effekti” ilə üzləşərək növbəti dəfə “Dəmir yumruğ”un zərbəsinə tuş gələcək”.
Aygül Qarayeva Demokrat.az


