Gündəm

Deputat: "Ermənilər hansısa yanlış addım atsalar, onların cəzası bu dəfə qat-qat ağır ola bilər"

Deputat: Ermənilər hansısa yanlış addım atsalar, onların cəzası bu dəfə qat-qat ağır ola bilər

“Müharibədən uzun müddət keçsə də, Ermənistanın hələ də həyata keçirmədiyi öhdəlikləri var. Bu ölkədə parlament seçkiləri başa çatdıqdan və Paşinyan öz hakimiyyətini müəyyən qədər gücləndirdikdən sonra onların tək çıxış yolu Azərbaycanla sülh anlaşmasına nail olmaqdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O, Ermənistanın sərhəddə və ərazimizdəki təxribat addımlarının bu dövlət üçün ağır nəticələnə biləcəyini qeyd edib:

“Məğlub Ermənistan üçtərəfli anlaşmaya əsasən bir sıra öhdəliklər götürdü. Rusiyalı sülhməramlı hərbçilər isə müvəqqəti – 5 il ərzində nəzərdə tutulan ərazidə sülhü və təhlükəsizliyi təmin etməklə bağlı məsuliyyət götürdü. Lakin bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müəyyən yubanmalar var. Azərbaycan bütün prosesləri izləyir və baş verənlərlə bağlı qarşı tərəfi, həmçinin sülhə nəzarət missiyasını üzərinə götürən Rusiyanı xəbərdar edir. Rusiya sülhməramlıları bu məsələyə çox həssas yanaşmalı, baş verən bütün qanunsuz proseslərə müdaxilə etməlidir. Sülhə zərər verə biləcək istənilən addım məhz sülhməramlılar tərəfindən əvvəlcədən qarşısı alınmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, biz münaqişəni həll etmişik və regionda daimi sülh istəyirik. Regionun davamlı inkişafı bizim əsas prioritetlərimizdəndir və Ermənistana da bu inkişafda yer alması üçün şans vermişik. Ermənistan mövcud reallığı qəbul edərək, ərazi iddialarından əl çəkərək, bu inkişafa qoşula bilər”.

Deputatın fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın sülh danışıqlarına hazır olduğunu bildirməsi mövcud reallıqla barışdığını və təxribatların Ermənistan üçün faciə ilə bitəcəyini anladığını göstərir:

“Azərbaycan bu günədək qoruyub saxladığı humanist siyasətini davam etdirir. Lakin bütün bunlarla yanaşı öz gücünə, iqtisadi sabitliyinə, qonşu dövlətlərlə əldə etdiyi yüksək münasibətlərə əmin olaraq bildirir ki, ermənilər hansısa yanlış addım atsalar, onların cəzası bu dəfə qat-qat ağır ola bilər. Ermənistan tərəfi nə qədər təxribat addımları atsa da, populist, əsası olmayan iddialar səsləndirsə də, Azərbaycanla növbəti dəfə güc savaşına başlamaq üçün gücünün olmadığını bilir. Ermənistan da yaxşı anlayır ki, onların yeganə çıxış yolu Azərbaycanın irəli sürdüyü fikirlərlə, şərtlərlə razılaşmaqdır. Ermənilər təxribat addımları ilə heç bir nəticə əldə edə bilməyəcəklərini bilirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın sülhə hazır olması ilə bağlı açıqlaması da bunun məntiqi nəticəsidir. Ermənistan tərəfi anlayır ki, gec-tez sülh müqaviləsi imzalanmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Düşünürəm ki, ən qısa zamanda üçtərəfli İşçi Qrupu da fəaliyyətə başlayacaq və regionda daimi sülhün əldə edilməsi üçün real addımlar atılacaq. Həm sərhədlərin müəyyənləşməsi məsələsi, həm də Zəngəzur dəhlizinin fəaliyyətə başlaması öz həllini tapacaq. Azərbaycan ərazisində olan ermənilər də dövlət qanunlarımızı qəbul etməyə, bu qanunlarla yaşamağa məcburdurlar. Necə ki, 1992-ci ilədək Azərbaycan vətəndaşı kimi ölkəmizdə yaşayırdılar. Ermənistan tərəfinin bu prosesə müdaxiləsi olduğu müddətcə zərər çəkən də məhz onlar olacaq”.

N.Həmzəyev son günlər baş verənlərdən istifadə edərək Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirmək istəyən qüvvələrin ermənipərəst mövqe tutduğunu vurğulayıb:

“Təəssüf ki, Rusiya ilə münasibətləri gərginləşdirmək istəyən, bununla bağlı müxtəlif fikirləri irəli sürən qüvvələr var. Bu qüvvələr həmin açıqlamalarla erməni mövqeyini müdafiə edirlər. Bu fikirlər ermənipərəst qüvvələrin, erməni havadarlarının çıxışı ilə üst-üstə düşür. Görünür, onların əsas məqsədi Azərbaycanla Rusiya arasındakı mövcud əlaqələri zəiflətmək, Ermənistanın Rusiyaya olan münasibətini gücləndirməkdir. Ona görə də, bu cür çıxışlara ciddi yanaşmaq lazım deyil. İmkan verməməliyik ki, qonşu dövlətlərlə olan münasibətlər bu qüvvələr tərəfindən gərginləşdirilsin. Azərbaycan münasibətlərə zərər vermək istəyən qüvvələrlə bağlı lazımi işlər görməlidir. Proseslərə diqtə edən tərəfin Azərbaycan olduğunu, baş verənləri izləyən və Azərbaycanın yanında Türkiyə kimi dövlətin olduğunu unutmamalıyıq. Biz Azərbaycan tərəfi olaraq regionda stabilliyi qoruyub saxlamaq istəyirik, bunun üçün də səbrlə gözləməliyik. Azərbaycan Ordusu hazır vəziyyətdədir, Ali Baş Komandanın bir əmri həm ordunun, həm xalqın 44 günlük müharibədəki kimi səfərbər olmasına kifayət edər. Lakin qələbədən sonra güc diplomatlarımızın üzərinə düşür. Diplomatik masada əldə etdiyimiz uğurların davamını görmək üçün gözləməliyik”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az