"44 günlük müharibə Azərbaycanın qələbəsi ilə başa çatsa da, hələ də ərazimizdə özünü dövlət adlandıran "Dağlıq Qarabağ" adlı separatçı qurum fəaliyyət cəhdləri göstərir. Bu rejimin cinayətkar prezidenti, Azərbaycan hüquq-mühafizə orqanlarının cinayətkar elan etdiyi Arutyunyan sərbəst gəzir və Rusiyanın himayəsindədir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O, Ermənistanın Azərbaycan ərazisində post qurmasında rus sülhməramlılarının rolunun olduğunu bildirib:
"Bu qanunsuz rejimin polisi, ordusu da fəaliyyət cəhdləri göstərir. Hazırda Azərbaycan ərazisində tanınmamış qurum və bu quruma aid terrorçu dəstələr var. Həmçinin Xankəndi, Xocalı və keçmiş Ağdərə rayonu ərazisində terrorçu dəstələri qalır. Bu qruplar gündən-günə güclənirlər. Ermənilərin yeni terrorçu qrupları yaratması ilə bağlı tez-tez xəbərlər yayılır. Bu qrupların qarşısına Azərbaycan və Türkiyəyə qarşı birləşmək tapşırığı qoyulub. Ermənistanın Azərbaycan ərazisində post qurmasına gəlincə, bu postlar rus sülhməramlılarının gözü qarşısında qurulur. Rus sülhməramlılarının nəzarət etdiyi ərazilərimizdə terrorçu dəstələr də fəaliyyət göstərir. Rus sülhməramlıları Qarabağda sülhməramlılıq deyil, erməniməramlılıq missiyasını yerinə yetirir. Gedib axtarırlar, Ermənistanda donuz otaranları yığıb gətirirlər ki, Qarabağda yaşamalısan. Gətirdikləri ermənilərə ev tikirlər, humanitar yardım göstərirlər. Hələ üstəlik təhlükəsizliklərinə təminat verirlər ki, sizi qoruyuruq, təki heç yerə getməyin. Görünən budur ki, terrorçu ermənilər qədər rus sülhməramlıları da bizə qarşı cinayət törədirlər".
Deputat Qarabağda fəaliyyət göstərən sülhməramlıların üçtərəfli bəyannamənin şərtlərini və qanunvericiliyi pozduğunu vurğulayıb:
"Qanunlarımızı pozurlar, ərazimizdə cinayətkarların məskunlaşmasına şərait yaradırlar. Nəinki post qurulması, ermənilərin Qarabağda məskunlaşması, ev tikmələri rus sülhməramlılarının nəzarəti altında, onların iştirakı ilə baş verir. Ermənistanın Laçın və Kəlbəcərdə qurduğu postlar sülhməramlıların icazəsi olmadan qurula bilməz. Rus sülhməramlılarının nəzarəti ilə Azərbaycan ərazisində postlar qurulur, qurum yaratmaq cəhdləri edilir. Bəlkə, ruslar düşünür ki, həmin ərazini Azərbaycan elə onlara verib? Belə düşünürlərsə, çox səhv fikirdədirlər. Bilsinlər ki, Azərbaycanın səbri, dözümü sonsuz deyil. Azərbaycan ləngimədən çox ciddi tədbirlər görməlidir. Rusiya Federasiyasının prezidenti Vladimir Putindən soruşmaq lazımdır ki, o ərazisində tanınmamış separatçı qurumun fəaliyyətinə razı olarmı? Bu sualı Fransa prezidenti Emmanuel Makrona da vermək lazımdır. Təbii ki, onların cavabı yox olacaq. Bəs onda biz niyə buna razı olmalı, dözməliyik? Buna dözməli deyilik, dözməyəcəyik də. Buna görə də, sülhməramlıların etməli olduğunu edəcəyik. Necə ki, BMT-nin illərdir icra edilməyən qətnaməsini Azərbaycan 44 günə reallaşdırdı. Müharibə 9 aydır bitib və sülhməramlılar separatçı rejimi də, onun terrorçu üzvlərini də bu müddətdə ərazimizdən təmizləməli idi, amma etmədilər. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq ərazisində antiterror əməliyyatları keçirərək, ərazisini terrorçulardan, quldurlardan təmizləmək hüququna malikdir və bunu edəcək. Bunu etməsək, bu məsələlər hər zaman bizə başağrısı olacaq. Biz bu hallardan uzaq olmaq üçün ərazimizi separatçılardan, qeyri-qanuni qurum və silahlı birləşmələrdən təmizləməliyik".
Aygül Qarayeva Demokrat.az


