Gündəm

Aslan İsmayılov: "Hüquq müdafiəçiləri" polisi təxribata çəkib ya qrant qazanmaq, ya da xaricdə sığınacaq almaq istəyirlər"

Aslan İsmayılov: Hüquq müdafiəçiləri polisi təxribata çəkib ya qrant qazanmaq, ya da xaricdə sığınacaq almaq istəyirlər

Xəzər rayon Polis İdarəsində baş verənləri diqqətlə izlədim. Dünən video paylaşdım və fikrimi yazacağımı bildirdim. Bəri başdan deyim ki, polisi müdafiə edəcək o qədər şərhin olacağını gözləmirdim, çünki son 20 ili polis vətəndaşlara qarşı həddindən çox haqsızlıq edib. Onu da bildirim ki, bu yazım əsla şərhlərlə bağlı deyil. Şəhlərdə heç kim polisi müdafiə etməsə də həmin epizoda görə polisi müdafiə edib indiki fikirlərimi Sizə çatdıracaqdım.

Bu yazımda məqsədim polisi yox, Dövləti müdafiə etməkdir. "Azərbaycan polis dövlətidir" deməyə də tələsməyin. Dünyada ictimai asayişi qoruyan zaman polis etdiklərini özünüz də araşdırın. Əlbəttə, Xəzər rayonunda baş verən qanunsuzluq səbəbsiz yaranmayıb. Normal cəmiyyətdə Sevinc Məhərrəmovanın o cür ölümü bundan da artıq etiraza səbəb olmalı idi. Bu gün də hesab edirəm ki, həmin hadisə ilə bağlı günahı olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bir çox hallarda polisə qarşı aqressivlik də məhz oxşar hadisələri törədənlərin məsuliyyətə alınmaması ilə bağlıdır.

Bəla ondadır ki, Azərbaycanda fəaliyyət göstərən insan hüquq və azadlıqlarını müdafiə edən təşkilatlar əsasən vətəndaşlar üçün yox, özləri üçün çalışırlar. Bunu kənardan olan insan yox, uzun illər bu işlə məşğul olmuş birisi kimi deyirəm. O sıraları tərk etməyimin də səbəbi insan hüquq və azadlıqlarının qorunmasının Azərbaycanda biznesin bir növünə çevrilməsi olmuşdur. Çox ad çəkməyəcəm, ancaq bu sahədə fəaliyyət göstərən ən tanınmış “aktivistlər”in yaşam tərzinə, əldə etdikləri obyektlərin siyahısına baxsanız dediklərimə əmin olarsınız. Həmin şəxslərlə Azərbaycanı talan edən məmur-oliqarxların fərqi ancaq əyri yolla əldə etdiklərinin miqdarındadır. Sadəcə miqdarın da fərqli olması bu “hüquq müdafiəçiləri”nin talamaq şanslarının az olması ilə bağlıdır. Çox olsa heç də onlardan geri qalmazdılar. Leyla Yunus və ətrafının dünyanın cürbəcür yerlərində olan mal-mülkləri məhz insan müdafiəçiləri adı ilə əldə edilib.

Konkret fakta gəldikdə isə görünən odur ki, "hüquq müdafiəçiləri" nəyin bahasına olursa olsun polisi təxribata çəkib ya qrant qazanmaq, ya da xaricdə sığınacaq almaq istəyirlər. Bu ənənə uzun illərdir ki, mövcuddur və davam edəcəyinə şübhəm yoxdur. Demək olar ki, Azərbaycanda keçirilən onlarla etiraz aksiyalarında iştirak etmişəm, ancaq mənim polislə üzləşdiyim bircə dənə də foto-video materialım yoxdur. Ona görə yox ki, polis gələn kimi qaçmışam. Sadəcə mən bilərəkdən polislə qarşıdurmaya getməmişəm, çünki mənim kiməsə qrant, yaxud sığınacaq almaq üçün sübut təqdim etməyimə ehtiyacım olmayıb. Bu günlər və bundan sonra bilərəkdən polislə qarşıdurmaya gedənlərin, onu təxribata çəkmək istəyənlərin gələcəyini izləyin və onların bir gün xaricdə sığınacaq alacaqlarına şübhələnməyin.

İndi isə yazımın əsas məqsədini açıqlayıram. Düzü polis haqqında yaranmış fikrin nə vaxtsa dəyişəcəyinə inanmırdım. Son günlər narkotiklərlə mübarizədə polisin göstərdiyi aktivliyə, elə son videoda polis mayorunun davranışına vətəndaşlarımızın xoş münasibəti polis haqqında son illər yaranmış fikrin yaxşıya doğru dəyişməyinin göstəricisidir. Bu gün hər şey polisin özündən asılıdır. Polisin sadaladığım hərəkətləri epizodik, populist xarakter daşımamalı və daimi olmalıdır. Son hadisələr göstərdi ki, vətəndaşlarımız həqiqətən ədalətlidirlər və "mənim polisim məni qoruyur" ifadəsini lağ-lağı ilə yox, ciddi deməyə layiqdirlər. Bu münasibətin formalaşması da vətəndaşlardan çox polisdən asılıdır. Polis vətəndaşlarla videodakı mayor kimi hörmətlə davransa hökmən qarşılığını alacaq. İnanıram ki, Azərbaycan DİN-in rəhbərliyi bu şansdan istifadə edib polis-vətəndaş münasibətinin köklü dəyişəcəyinə nail olacaq. 44 günlük Vətən müharibəsinin nəticələri ilə bağlı ölkəmiz ətrafında baş verən mürəkkəb oyunlardan və qarşıda görünən gərginlikdən üzü ağ çıxmağımız polis-vətəndaş münasibətindən çox asılıdır və hamımız bu münasibətin gərginləşməsinə deyil, yaxşı olmasına çalışmalıyıq.

Aslan İsmayılov Hüquqşünas

D
demokrat.az