Gündəm

Deputat: "Bayrağımızın işğaldan azad olunmuş ərazilərimizdə dalğalandırılması Tokio-2020-dən daha vacib idi"

Deputat: Bayrağımızın işğaldan azad olunmuş ərazilərimizdə dalğalandırılması Tokio-2020-dən daha vacib idi

“Beynəlxalq arenalarda idmançılarımız dövlət bayrağını dalğalandıranda, himnimizi oxudanda, Vətənini sevən hər kəs qürurlanır və sevinir. Artıq Tokio-2020 Yay Olimpiya Oyunları arxada qaldı. İndi isə Olimpiadada neçə medal qazandıq və idmançılarımızın uğurları necə oldu sualı ortaya çıxır. Tokio-2020-də 44 idmançı ilə təmsil olunan və 3 gümüş, 4 bürünc qazanan Azərbaycan Olimpiadanı 67-ci sırada tamamladı. Təəssüf ki, cari turnirdə idmançılarımız qızıl medalı qazana bilmədi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Azərbaycan idmançılarınınTokio-2020-dəki nəticələri barədə danışarkən deyib.

O, əvvəlki Olimpiadalarla müqayisədə geriləmənin olduğunu vurğulayıb:

“Tokio-2020-dəki nəticələrin bizi qane edib-etmədiyini bilmək üçün əvvəlki Olimpiadalardakı nəticələrimizlə müqayisə etməliyik. Afina-2004-də 36 idmançı ilə təmsil olunduq, 1 qızıl və 4 bürünc qazandıq. Pekin-2008-də 44 idmançı ilə təmsil olunduq və 1 qızıl, 1 gümüş,4 bürünc qazandıq. London -2012-də 53 idmançı ilə təmsil olunduq və 2 qızıl, 2 gümüş, 5 bürünc qazandıq. Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunduq və 1 qızıl, 7 gümüş, 10 bürünc qazandıq.

Keçən olimpiadalarda qazandığımız nəticələri ilə bu ilə müqayisə edəndə cari nəticələrin heç də ürək açan olmadığını görürük. Sadaladığım müqayisədən görünür ki, idmançılarımızın keçən illərdəki olimpiadalardakı nəticələri yüksəlişə doğru gedirdi. Bu il isə idmançılarımız təəssüf ki, qızıl medal qazana bilmədi və qazandığımız medalların sayı, mövqeyimiz aşağıya düşdü. Biz buna haqq qazandırmaq üçün pandemiya ilə əlaqələndirə bilərik. Amma yüksək yerlərdə qərarlaşan ölkələrə baxanda görürük ki, həmin ölkələr pandemiya olmasına baxmayaraq, əvvəlki olimpiadalardakı yerlərini qoruya bildilər. Yəni demək istədiyim odur ki, pandemiyanın olmasına görə heç də idmançılarımıza haqq qazandırılmasını düzgün hesab etmirəm. Amma Tokio-2020 yarışlarına qatılmış və yüksək nəticələri göstərilmiş ölkələrdən fərqli olaraq Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə əldə etməsi üçün dövlətimiz və xalqımız bütün qüvvəsini səfərbər etdi. O cümlədən idmançılarımız da torpaqlarımızın işğaldan azad olunması üçün cəbhədəki müharibəyə səfərbər oldular”.

Deputat Azərbaycan gənclərinin Vətən müharibəsindəki qələbə üçün güclərini ortaya qoyduqlarını və daha vacib qələbə əldə etdiklərini bildirib:

“Bu faktor bizim üçün önəmli idi və bu məsələni nəzərə alanda Tokio-2020-dəki nəticələrimizin o qədər də qeyri-qənaetbəxş olmadığını görərik. Biz 2020-ci ildə xalqımızın 30 illik həsrətinə son qoyduq və bayrağımızı işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Şuşada dalğalandıra bildik. Bizim üçün bayrağımızın Şuşada, Laçında, Kəlbəcərdə və digər işğaldan azad olunmuş ərazilərimizdə dalğalandırılması Tokio-2020-dən daha vacib idi. Bizim üçün 2020-də əsas məsələ ölkəmizin ərazi bütövlütyünün təmin olunması idi və biz bunu etdik. İdmanımızı isə yenidən gücləndirə bilərik”. Dövlətin idmana və idmançılara göstərdiyi diqqətə toxunan deputat Olimpiadadakı nəticələrin təhlil olunmasının əhəmiyyətini də vurğulayıb:

“Dövlətimiz idmanın inkişafına yüksək dəstək göstərir. İdmançılarımız qayğı ilə əhatə olunublar. İdmançılarımızın məşq etmək və yarışlara hazırlaşmaq üçün hərtərəfli şəraiti olan gözəl arenalar istifadəyə verilib. Ona görə də, idmançılarımız və federasiyalarımız Tokio-2020-dəki çıxışı yaxşı təhlili etməli və növbəti olimpiadalara indidən hazırlıq görməlidirlər. İdmanda bir günü boş buraxmaq olmaz. Ciddilik azalanda nəticələr aşağı enir. Ona görə də, məqsədyönlü və ciddi şəkildə növbəti olimpiadaya hazırlaşmalıyıq ki, qazanacağımız nəticələr daha yüksək olsun. Biz idman ölkəsiyik və düşünürəm ki, növbəti yarışlarda layiqli yerimizi yenidən qazanacağıq”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az