Sosial

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Artıq Azərbaycan sosial-iqtisadi inkişafa dair əsas milli prioritetləri müəyyənləşdirmiş və bu istiqamətdə əməli fəaliyyətə start vermişdir. Bununla bağlı Prezident İlham Əliyev 2021-ci ilin fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı müvafiq sərəncama imza atmışdır. Sərəncama nəzər yetirdikdə, aydın olur ki, burada əsas məqsəd qüdrətli dövlət və yüksək rifahlı toplumun qurulmasıdır.

Sirr deyil ki, Azərbaycan müstəqilliyin ilk illərindən müxtəlif səpkili problemlərlə üzləşmişdir. Həmin problemlər özünü həm ölkə daxilində və həm də xaricdə büruzə vermişdir. Bununla belə, Azərbaycan xalqı ən çətin məqamlarda dik durması ölkəmizin inkişafını sürətləndirən əsas amillərdən olmuşdur. Keçən əsrin 90-cı illərinin ortalarından başlanmış demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Hələ 1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin müqaviləsi” sonradan Azərbaycan iqtisadiyyatında nəzərəçarpan inkişafa gətirib çıxarmışdır. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir. Eyni zamanda, xaricdən ölkəmizə investisiya qoyuluşlarının artımı bütövlükdə iqtisadiyyatın dirçəlməsinə təkan vermiş və insanların sosial həyatına birbaşa təsir göstərmişdir.

İllər ötdükcə paytaxt Bakıda baş verən canlanma, sosial-iqtisadi vəziyyətdəki irəliləyiş ölkənin regionlarına da bilavasitə sirayət etmişdir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, ölkənin sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçmişdir. Yekunda dünyada sabit, təhlükəsiz və müasir həyat səviyyəsinə çatmış dövlət kimi tanınmışdır.

Bütün baş verənlərin fonunda Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermişdir.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
İndi Azərbaycan işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın astanasındadır və bu prosesin həyata keçirilməsi məqsədilə irimiqyaslı layihələrə başlanılmışdır. Şübhəsiz ki, azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına gətirib çıxaracaq. Bütün bunlar Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilədək ölkənin iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və yüksək sosial rifahlı cəmiyyətə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Prezidentin bu ilin fevralında imzaladığı müvafiq sərəncamla qarşıdakı 10 il ərzində ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet həyata keçirilməlidir.:

1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; 2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; 3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; 4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; 5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Bu Milli Prioritetlər, BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası baxımından xüsusi əhəmiyyət kəsb edir.

Məlumdur ki, ötən dövrdə regionlarla müqayisədə paytaxt daha sürətlə inkişaf etmişdir. Uzunmüddətli dövrdə əsas məqsəd regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır.

Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcəkdir.

Hazırda regionların sosial-iqtisadi inkişafından danışarkən, işğaldan azad olunmuş rayonların bərpası və həmin ərazilərdə ermənilər tərəfindən məhv edilmiş həyatın dirçəldilməsi başlıca vəzifələrdəndir. Prezident İlham Əliyevin bu ilin iyulunda əlavə olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonun yaradılması haqqında müvafiq fərmanı xüsusi vurğulanmalıdır. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu "Böyük Qayıdış" vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir.

Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.

Mütəxəssislərin fikrincə, Azərbaycanda aparılan iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, yerli və xarici sahibkarlığın, müxtəlif təsərrüfat sahələrinin inkişaf etdirilməsinə yönəldilib.

Zaur Hacılı Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Demokrat.az

D
demokrat.az