“Türkiyədə genişmiqyaslı yanğınların baş verməsi Azərbaycan xalqını dərindən sarsıdır. Azərbaycan cəmiyyətində Türkiyə xalqına böyük dəstək var. Azərbaycan Respublikasının Türkiyəyə hərtərəfli yardımı isə iki ölkə arasında yaxın qardaşlıq münasibətlərinin növbəti sübutudur”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputat Azərbaycanın Türkiyəyə dəstəyinin həm də böyük mənəvi əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan göstərdiyi səmimi qardaşlıq münasibətlərinə görə Azərbaycana bir neçə dəfə təşəkkür edib. Türkiyəyə yanğınla mübarizədə bir çox ölkələr yardım göstərir, Azərbaycan isə ən tez reaksiya göstərən və dəstək göndərən dövlətlərdən oldu. Bundan başqa, Azərbaycanın dəstəyi Türkiyə cəmiyyətində qardaş yardımı, doğma ölkənin dəstəyi kimi qiymətləndirilir. Yeri gəlmişkən, 2011-ci ildə Van vilayətində zəlzələ baş verən zaman həmin dövrdə Türkiyənin baş naziri olan Rəcəb Tayyip Ərdoğan Türkiyəyə bir çox dövlətin yardım etdiyini, amma onlar üçün ən əziz, dəyərli dəstəyin Azərbaycan tərəfindən göstərildiyini bildirmişdi. Bu baxımdan, Azərbaycanın qardaş ölkəyə hazırkı dəstəyi həm də çox böyük mənəvi, psixoloji əhəmiyyət kəsb edir. Bu dəstək Türkiyə ictimaiyyətində iki ölkənin qardaşlığının, dostluğunun növbəti rəmzi kimi qəbul edilir”.
Deputat bildirir ki, bir neçə gündür Türkiyədə yanğınla mübarizə aparan azərbaycanlı yanğınsöndürənlər yüksək peşəkarlıq nümunəsi göstərir:
“Azərbaycan tərəfindən Türkiyəyə yanğınla mübarizə üçün amfibiya təyyarəsi, yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb olunub. Azərbaycandan Türkiyəyə göndərilən heyət yanğınının lokallaşdırılmasında yüksək peşəkarlıq nümayiş etdirir. Azərbaycanın bu çətin günlərdə Türkiyəyə dəstəyi qardaş ölkəyə səmimi müttəfiqlik münasibətlərinin göstəricisi olmaqla yanaşı, həm də Azərbaycanın fövqəladə halların qarşısının alınması istiqamətində kifayət qədər təcrübəyə və potensiala malik olduğunu göstərir”.
Aygül Qarayeva Demokrat.az


