Gündəm

Deputat: "Türkiyə ilə münasibətlər hansısa açıqlama ilə zədələnəcək səviyyədə deyil"

Deputat: Türkiyə ilə münasibətlər hansısa açıqlama ilə zədələnəcək səviyyədə deyil

“Məsələylə bağlı cəmiyyətdə müəyyən fərqli fikirlər səsləndirildi. Əslində, şeyx nitqində bir neçə uğursuz ifadə səsləndirib, amma düşünürəm ki, məsələni bu qədər şişirtmək doğru deyil”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Şeyxülislam Allahşükür Paşazadənin səsləndirdiyi fikirlərlə bağlı danışarkən deyib.

O, məsələnin daha artıq böyüdülməsinin lüzumsuz olduğunu vurğulayıb:

“Təbii ki, tənqid və narazılıq ola bilər. Onun sözlərində bunu yarada biləcək fikir Azərbaycanın qələbəsində İranın rolu ilə bağlı fikirlər idi, bu da cəmiyyətdə haqlı narazılığa səbəb oldu. Amma şeyxin Azərbaycan dövləti qarşısında kifayət qədər xidməti olub. Ona görə də, məsələni bu qədər ictimailəşdirmək olmaz. Özü də söylədiyi fikirlərə aydınlıq gətirdi. Bu qədər tənqidlər kifayət edər, məncə, artıq müzakirə olunması, şeyxin tənqid olunması lüzumsuzdur”.

Deputat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri M.Mücahit Küçükyılmazın şeyxə cavabını və iki ölkə arasındakı əlaqələrə təsirinə də toxunub:

“Bəzən bu cür açıqlamalar olur. Azərbaycanın Türkiyə ilə münasibətləri Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında olan münasibətlər səviyyəsindədir. Bu ikitərəfli münasibətlərin kökü dərindir. İki ölkə arasındakı münasibətlər hansısa açıqlama ilə zədələnəcək səviyyədə deyil. Azərbaycanla Türkiyə əlaqələri qardaşlıq münasibətləridir. Bəzən bu cür açıqlamalar ola bilər, amma münasibətlər elə səviyyədədir ki, bu cür kiçik nüanslarla pozmaq mümkün deyil”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az