Gündəm

Könül Nurullayeva: "Ermənistanın Zəngəzur dəhlizinin açılmasına süni əngəl törətmək cəhdləri iflasa uğrayır"

Könül Nurullayeva: Ermənistanın Zəngəzur dəhlizinin açılmasına süni əngəl törətmək cəhdləri iflasa uğrayır

“Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri zamanı dövlət başçıları arasında səmimi, konstruktiv və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş müzakirələr aparıldı. Bu, iki dövlət başçısı arasında şəxsi münasibətlərin, ikitərəfli əlaqələrin və geosiyasi reallıqlara yanaşmada ortaq mövqeyin xarakterindən irəli gəlir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Azərbaycan və Rusiya prezidentləri arasında səmimi, konstruktiv müzakirələrin aparıldığını qeyd edən deputat hər iki tərəfin bölgənin gələcəyi ilə bağlı vahid mövqe nümayiş etdirdiyini bildirib:

“Görüşdə ən çox diqqət çəkən məqam Bakı və Moskvanın 2020-ci il 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirməsi oldu. Məlumdur ki, bu razılaşma həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. Yəni Rusiya da təkcə dəmiryolu deyil, həm də paralel şəkildə avtomobil nəqliyyatının hərəkətini nəzərdə tutan Zəngəzur dəhlizinin açıqlamasında maraqlıdır. Görünən budur ki, Ermənistanın bu dəhlizin açılmasına süni əngəl törətmək cəhdləri iflasa uğrayır. Məsələ burasındadır ki, 2020-ci il 10 noyabr razılaşmasının icrasına əngəl törətmək istəyən kənar qüvvələr də az deyil. Əslində həmin qüvvələr bu yanaşma ilə regionda sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasında, qarşılıqlı etimad mühitinin yaradılmasında maraqlı olmadıqlarını göstərirlər. Amma regionun əsas lokomotivi Azərbaycanın, eləcə də Rusiyanın qətiyyətli mövqeyi destruktiv cəhdlərin nəticə verməyəcəyinə əminlik yaradır”.

Deputat iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu və regional, təhlükəsizlik məsələlərində mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb:

"Moskva görüşündə səslənən bəyanatlardan aydın oldu ki, iki dövlət arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. Ən əsas məsələ isə ondan ibarətdir ki, hər iki ölkənin regional, təhlükəsizlik və digər məsələlər üzrə mövqeləri üst-üstə düşür. Ölkələrimiz arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi iradə mövcuddur".

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az