Gündəm

Deputat: "Ermənistan ağıllanmalı, əməkdaşlıq yolunda real addımlar atmalıdır, əks halda..."

Deputat: Ermənistan ağıllanmalı, əməkdaşlıq yolunda real addımlar atmalıdır, əks halda...

“Azərbaycan Prezidenti ilə Vladimir Putinin gözlənilən görüşü baş tutdu. Görüşlə bağlı qeyd edilməli olan bir neçə məsələ var. Rusiya prezidentinin İlham Əliyevlə bağlı xüsusi fikir bildirməsi və ona təşəkkür etməsi xüsusi əhəmiyyət daşıyır. Həmçinin Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində Rusiya tərəfi də məsuliyyət daşıyır və hər iki tərəf bunu yaxşı anlayır. Azərbaycanla Ermənistan arasında son razılaşmalarda əsas vasitəçi Rusiyadır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Prezidentlərin görüşündə müzakirə edilən məsələlərə toxunan deputat sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələnin əsas nüans olduğunu vurğulayıb:

“Son günlər ermənilər sərhəddə müəyyən təxribatlar törədirlər, mövqelərimizi atəşə tuturlar. Bu mənada demarkasiya və delimitasiya ilə bağlı nüanslar bir daha gündəmə gəlir. Düşünürəm ki, dövlət başçılarının görüşündə bu məsələ də müzakirə edilib. Bütün hallarda Ermənistan bu prosesə məcbur edilməlidir və görüşün əsas nöqtələrindən biri də bu olub. Ermənistan ağıllanmalı, əməkdaşlıq yolunda real addımlar atmalıdır. Əks halda, onlar bu prosesə məcbur ediləcək. Düşünürəm ki, iki ölkə rəhbərinin görüşündən sonra Ermənistanın da yanaşmasında müəyyən dəyişikliklər olacaq”.

Deputat bildirib ki, Rusiya da ölkələr arasında sabit münasibətlərin tərəfdarıdır və görüşdən sonra bu istiqamətdə ciddi dəyişikliklər ola bilər:

“Bölgədə sabitliyin, sülhün təmin olunmasında Rusiya da maraqlıdır. Düzdür, Rusiyanın regionla bağlı başqa məqsədləri də var, amma hazırkı dönəmdə Rusiyanın mövqeyi ölkələr arasında münasibətlərin inkişaf etməsi, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması və dəmir yolunun işə düşməsi istiqamətindədir. Bununla həm də Rusiyanın iqtisadiyyatı inkişaf edəcək. Düşünürəm ki, Ermənistan həm Azərbaycan, həm də Rusiya tərəfindən ona edilən xəbərdarlıqlardan nəticə çıxaracaq. Bu görüşlərdən sonra Ermənistan rəhbərliyi mövqeyini dəyişəcək. Ermənistan hazırkı vəziyyəti anlayıb, könüllü şəkildə dinc və əməkdaşlıq yolunu seçməlidir. Könüllü şəkildə seçməsə, buna birmənalı olaraq məcbur olacaq. Çünki Azərbaycan prosesin sonuna qədər getməyə və məsələni tam şəkildə həll etməyə hazırdır”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az