Gündəm

Politoloq: "Ermənistan işğalçı dövlətdir və bunun qarşılığını lazımi şəkildə aldı"

Politoloq: Ermənistan işğalçı dövlətdir və bunun qarşılığını lazımi şəkildə aldı

“Avropa İttifaqı Şurası prezidentinin Cənubi Qafqaz ölkələrinə səfəri müəyyən maraq doğurur. Bu, təşkilatın regiona olan diqqəti kimi də əsaslandırıla bilər. Diqqətçəkən məqam odur ki, təşkilatın prezidenti Şarl Mişel Azərbaycana Ermənistana səfərindən sonra gəldi. O, Ermənistana səfəri zamanı bu ölkəyə 2,6 milyard avroluq yardımın ediləcəyini açıqladı. Həmçinin səfər zamanı Şarl Mişelin Qarabağla bağlı tendesiyalı yanaşmasının şahidi olduq”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Ermənistana və Bakıya səfəri zamanı səsləndirdiyi vasitəçiliklə bağlı mesajların əhəmiyyətsiz olduğunu vurğulayıb:

“İttifaqın sədri münaqişənin bitmədiyi və Minsk qrupunun prosesdə daha aktiv olması ilə bağlı fikirlər səsləndirdi. Bu, bizim tərəfimizdən qəbul edilə bilən fikirlər deyil. Buna qarşılıq olaraq, Azərbaycan prezidenti münaqişənin bitdiyini, üçtərəfli bəyannamə ilə münaqişə dövrünün geridə qaldığını bildirdi. Həmçinin Azərbaycanın Avropa İttifaqı Şurasının əsas tərəfdaşlarından biri olduğunu bildirərək, Avropanın enerji təminatında ölkəmizin rolunu vurğuladı. Prezident həmçinin üçtərəfli bəyannamədə nəzərdə tutulan kommunikasiya xətlərinin açılmasının, əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi haqda fikirlərini bildirdi.

Şarl Mişelin Azərbaycan-Ermənistan münasibətlərində və ümumiyyətlə Qarabağ məsələsində Avropa İttifaqı Şurasının daha aktiv rol oynaması ilə bağlı fikirləri təşkilatın regionda öz mövqelərini möhkəmləndirmək cəhdləri kimi dəyərləndirilə bilər. Bu, həmçinin Ermənistanın istəklərinə uyğun olaraq Qarabağ məsələsinin beynəlxalq müstəviyə çıxarmaq cəhdləri kimi də izah edilə bilər. Amma təbii ki, bu kimi cəhdlər Azərbaycan tərəfindən qəbul edilmir. Dövlətimiz beynəlxalq qanun və hüquqlara uyğun olaraq, BMT-nin qətnamələrini özü həyata keçirdi və torpaqlarını işğaldan azad etdi. Bu məsələdə Avropa İttifaqı Şurası və digər beynəlxalq qurumların dəstəyini görmədik. Azərbaycan üçün münaqişə bitmiş hesab edilir. Hansısa vasitəçilik və Minsk qrupunun bu məsələdəki mövqeyini qəbul etmirik. Ümumiyyətlə, məsələ ilə bağlı ən optimal “4-lü” format hesab edilə bilər. Azərbaycan-Türkiyə və Rusiya-Ermənistan formatı daha optimal hesab edilir. Bu da dəqiqdir ki, Ermənistan ümumiyyətlə məsələdə söz sahibi deyil. Ermənistan işğalçı dövlətdir və bunun qarşılığını lazımi şəkildə aldı”.

Politoloq qeyd edib ki, regionla bağlı bəzi mübahisəli məsələlərin həlli də Azərbaycanın diqtəsi ilə reallaşacaq və bunda nə xarici aktorlar, nə də Ermənistan söz sahibi ola bilər:

“Azərbaycanın keçmiş işğalda olan ərazilərinin kiçik bir hissəsi hələ ki, sülhməramlıların nəzarəti altındadır və rus sülhməramlıları öz vəzifələrini yerinə yetirməlidirlər. Sülhməramlılar məsuliyyətləri altında olan ərazilərdə qalan qeyri-qanuni erməni hərbi birləşmələrini ordan çıxarmalı, keçmiş qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına yardım və təmin etməlidirlər. Həmçinin Azərbaycan və Ermənistan arasındakı, eləcə də Qarabağdakı kommunikasiya xətlərinin açılması ilə bağlı məsələlər öz həllini tapmalıdır. Görüşdə Azərbaycan dövlət başçısı bu mövqedən çıxış etdi. Bununla da, prezident ölkənin mövqeyini, istəklərini bir daha Avropa İttifaqı Şurasının və prezidentinin diqqətinə çatdırdı. Əslində, biz bu təşkilatın mövqeyini bilirik. Onların mövqeyi Fransa ilə yaxınlıq təşkil edir. Lakin xarici aktorların prosesdə iştirakı bizim tərəfimizdən qəbul edilmir. Biz hazırda yarımçıq qalan məsələlərin həllinə Azərbaycan, Türkiyə və Rusiya formatı ilə nail olmaq istəyirik. Bu məsələlərə sərhədlərin demarkasiyası, Ermənistanı sülh müqaviləsi imzalamağa vadar etmək, o cümlədən Zəngəzur dəhlizinin açılması daxildir”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az