Gündəm

Deputat: "Cənab Prezidentimizin fərmanı buraxılmış səhvləri düzəldir və bizi özümüzə qaytarır"

Deputat: Cənab Prezidentimizin fərmanı buraxılmış səhvləri düzəldir və bizi özümüzə qaytarır

"Cənab Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman təkcə iqtisadi deyil, böyük tarixi, geosiyasi və geoiqtisadi məna daşıyır. Fərman gerçək tarixi keçmişimizi, milli ruhumuzu və qan yaddaşımızı təzələyərək bizi daha geniş üfüqlərə götürür, strateji hədəflər güdür”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Şərqi Zəngəzur iqtisadi zonasının yaradılmasının tarixi əhəmiyyətinə toxunan deputat bu addımı tarixi reallığın bərpası kimi qiymətləndirib:

“Şərqi Zəngəzur iqtisadi zonasının yaradılmasının dərin səbəbləri var. İlk növbədə, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarından ibarət Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması hər şeydən əvvəl, tarixi həqiqətin bərpasıdır. Məlum olduğu kimi, Zəngəzur etnomədəni və tarixi-coğrafi baxımdan bir tam olaraq tarix boyu Azərbaycana aid olub. Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, indiki Ermənistanla sərhəddə yerləşiblər və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər boyu Zəngəzur qəzasının tərkibində olublar. Bu ərazilər mənəvi, sosial-iqtisadi, tarixi-mədəni baxımdan bir-biriləri ilə daim bağlı olublar. Zəngəzur qəzası o zaman deyildiyi kimi, Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olub. Zəngəzurun qərb hissəsi 1920-ci il dekabrın 1-də Ermənistana verildikdən sonra tarix boyu tam, vahid olan bu ərazimiz parçalanıb, Naxçıvan və Türkiyə ilə quru əlaqəmiz kəsilib. Bundan sonra "Zəngəzur", "Şərqi Zəngəzur" və "Qərbi Zəngəzur" terminləri düşünülmüş şəkildə unutdurulub. Cənab Prezidentimizin fərmanı buraxılmış səhvləri düzəldir və bizi özümüzə qaytarır. Bu fərman miqyasına və hədəflərinə görə Azərbaycanın coğrafi-siyasi sərhədlərini aşır".

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az