Abşeron rayonu Hökməli qəsəbəsində çavuş Müslümov Elşən Habil oğlunun (02.09.1995-13.10.2020) xatirə lövhəsi və barelyefinin açılışı olub.
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə icra başçısı İradə Gülməmmədova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının I müavini Hüseyn Əfəndiyev, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.
İ.Gülməmmədova çıxış edərək şəhidlərin xatirəsinin əbədiləşdirmək üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib. I və II Qarabağ müharibəsi zamanı həyatlarını itirən 150-dən çox şəhidimizin adına küçə salındığını deyən başçının sözlərinə görə, həmin küçələr abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Hökməli qəsəbəsinin yeni yaşayış massivində küçələrdən birinə şəhid E.Müslümovun adının verildiyini və barelyefinin hazırlandığını vurğulayan icra başçısının bildirdiyinə görə, bu abidə gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyətə malikdir.
RİH başçısı bildirib ki, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti sayəsində, eləcə də, şəhidlərimizin, qazilərimizin hesabına torpaqlarımızın işğalına son qoyulub. Sonra Yasamal RİH əməkdaşları, şəhid ailələri, qəhrəmanımızın səngər yoldaşları və ictimaiyyət nümayəndələri onun barəsində xatirələrindən danışıblar.
Daha sonra şəhid ailələri ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələri də cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək, onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər. İgidlərimizin Azərbaycanın azadlığı uğrunda döyüşdüyünü və öz müqəddəs borclarını şərəflə yerinə yetirdiklərini vurğulayıblar.
Demokrat.az


