Azərbaycan dövlət müstəqilliyinin 30-cu ilinə qədəm qoyur. Hələ 90-cı illərin əvvəllərində müstəqillikdən sonra yeni həyata atılar-atılmaz ölkəmiz bir çox problemlərlə üzləşdi. İstər daxildə olan çaxnaşmalar, hakimiyyət uğrunda çəkişmələr, istərsə də mənfur Ermənistanın əzəli Azərbaycan torpaqlarına göz dikməsi olduqca xaotik vəziyyət yaratmışdı. Məhz bu səbəbdən, təzəcə istiqlalını bəyan etmiş Azərbaycan ağır günlərini yaşayırdı. Şübhəsiz, Dağlıq Qarabağın və onun ətrafındakı rayonların işğala məruz qalması Azərbaycanı çətin duruma saldı.
Hələ müstəqilliyin ilk illərində Azərbaycan bir sıra beynəlxalq təşkilatlara üzv seçildi, həmçinin dünya birliyinə inteqrasiya olunmağa başladı. Bununla belə, ölkə, daxili problemlərini həll etməli, dünyada diaspor quruculuğu və lobbiçilik işini təşkil etməli idi.
Əlbəttə, dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi idi. Məhz həmin vəzifələrin reallaşması üçün ilk növbədə müvafiq olaraq dövlət qurumu yaradılmalı və ya Xarici İşlər Nazirliyinin tabeliyinə verilməklə əsaslı işlərə başlamaq lazım idi. Elə oldu ki, Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı və aidiyyatı üzrə bütün işlər bu quruma tapşırıldı.
Diasporla İş üzrə Dövlət Komitəsinin başlıca hədəflərindən biri xaricdə yaşayan soydaşlarımızın həmrəyliyini yaratmaq idi. Bu birliyin yaradılması yönündə müəyyən mənada işlər görülsə də, amma problemlər də mövcud idi. Xüsusilə, ayrı-ayrı ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların bir-birilə münaqişəyə yer verməsi ümumi işə kölgə salırdı. Hazırda bəzi problemlər öz həllini tapsa da, lakin bu münaqişələri bitmiş hesab edə bilmərik.
2001-ci ilin 9-10 noyabrında Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu, böyük bir tarixi prosesin başlanğıcı idi. Dünyada yaşayan 50 milyon azərbaycanlının təşkilatlanması və bir amal uğrunda mübarizə aparması üçün əməli fəaliyyəti üçün bu qurultayın olduqca böyük əhəmiyyəti oldu.
Diasporun son illər ərzində əsas fəaliyyəti Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, xalqımızın üzləşdiyi faciələrə beynəlxalq birliyin biganə qalmamasına nail olmaq idi. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətdə əsas prioritetlərdən biri məhz bu məsələ idi. 
Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbkarları haqqında dünya birliyində aydın təsəvvürün formalaşdırılmasında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın xüsusi xidmətləri var. İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərib. Həmçinin, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində həyata keçirdikləri soyqırımı siyasətinə dair faktları beynəlxalq birliyə təqdim edib. 
Azərbaycan diasporunun uğurlarına nəzər salanda, 2018-ci ilin fevralını unutmamalıyıq. Həmin tarixdə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan diasporu Ümumavropa Qarabağ mitinqi təşkil etmişdi, 20-dən çox ölkədən gələn iştirakçılar var idi, 10 dildə şüarlar səsləndirildi. 
Diaspor təşkilatlarının həyata keçirdiyi tədbirlər xaricdə yaşayan soydaşlarımızın birgə fəaliyyətinin təmin edilməsinə, onların dövlətimizin maraqları ətrafında daha sıx birləşməsinə xidmət etməlidir.
Azərbaycan Ordusu 44 günlük II Qarabağ müharibəsində öz qüdrətini göstərdi və bununla da, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnaməsini icra etdi. Halbuki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmışdı və Ermənistan bu qətnamələri 27 il ərzində qulaq ardına “vururdu”. 
Zaur Hacılı Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb



