"Proses iştirakçılarından yalnız vəkilin cərimələnməsi onu cəmiyyətdə nüfuzdan sala bilər. Burada tərəflərin bərabərliyi təmin olunmalıdır. Yəni digər proses iştirakçılarının da cərimələnməsi daha doğru olardı".
Bunu e-huquq.az-a açıqlamasında Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Bakı Apelyasiya Məhkəməsinin hakimi Ramin Qurbanov deyib. Onun fikrincə, əgər vəkil hər hansı sui-istifadə hallarına yol verirsə, bu halda onunla bağlı müvafiq tədbir Vəkillər Kollegiyası tərəfindən görülməlidir.
“Bəzən vəkillər prosesi uzatmaq üçün əsassız vəsatət verirlər. Bu təkcə Azərbaycanda yox, bütün dünyada baş verən haldır. Beynəlxalq təcrübəyə görə, süründürməçiliyə yol verən hər bir proses iştirakçısı cərimələnə bilir. Gələcəkdə Cinayət Prosessual Məcəlləsinə bununla bağlı dəyişiklik edilməsi də yaxşı olardı. Mən bir hakim kimi, hər hansı vəkilin sui-istifadə hallarına yol verdiyini gördükdə aktlaşdırıb Vəkillər Kollegiyasına göndərirəm ki, bununla bağlı tədbir görsünlər. Ümumiyyətlə, bu məsələyə birtərəfli yanaşmaq olmaz. Əgər bu gün vəkillərin cərimələnməsini təklif ediriksə, onda gəlin prokurorların də cərimələnməsi məsələsini ortaya qoyaq. Çünki bəzən prokurorlar da cinayət mühakimə icraatında əsassız vəsatətlər verib, prosesi uzada bilərlər. Çəkişmə prinsipinə görə, hər iki tərəf bərabər olmalıdır, onlara bərabər şərait yaradılmalıdır”, - deyə hakim qeyd edib.
R.Qurbanov məhkəmə sənədlərinə görə rüsumların artırılmasından da danışıb. Bildirib ki, rüsumlar birmənalı olaraq artırılmalıdır: “Azərbaycanda böyük həcmli iddialarla kiçik həcmli iddialar arasında heç bir fərq yoxdur. Hamısına eyni səviyyədə və eyni məbləğdə rüsum ödənilir. Beynəlxalq təcrübədə isə belə bir yanaşma yoxdur. Bu gün elə işlər var ki, həmin işin özü ödənilən rüsumdan da ucuz başa gəlir. Fikrimcə, bu rüsumlar kateqoriyaya bölünməlidir. Düşünürəm ki, rüsumların artırılması gələcəkdə məhkəmələrin özünün maliyyələşməsinə də təsir edəcək. Bu gün məhkəmə aparatı işçilərinin maaşı aşağıdır. Stimul olmadığına görə onlar məhkəmə sistemini tərk edib başqa sektorlara üz tuturlar. Onların stimullaşdırılması üçün maaşları da həmin vəsaitə bağlanmalıdır. Biz CEPEJ olaraq, dövlət büdcəsindən məhkəmələrə ayrılan vəsaitlərlə bağlı müqayisələr aparırıq. Ümumi büdcədən məhkəmə sisteminə ayrılan büdcə və məhkəmə sisteminin fəaliyyəti nəticəsində dövlət büdcəsinə qayıdan vəsaitlə bağlı təhlillər aparırıq. Büdcəyə qayıdan vəsait dövlət rüsumlarından olan vəsaitlərdir. Bu intikatorlarla məhkəmə fəaliyyəti də qiymətləndirilir. Azərbaycanda dövlət rüsumlarından geri qayıdan vəsait çox aşağıdır. Çünki dövlət rüsumu aşağı məbləğdədir”.
Hakim rüsumların artırılmasının vətəndaşların məhkəmələrə müraciət imkanlarını məhdudlaşdıracağı barədə səslənən fikirlərlə razılaşmadığını deyib: “Şübhəsiz ki, burada aztəminatlı ailələri də nəzərə alaraq, azhəcmli iddialarda sabit rüsum olmalıdır. Onlar məişət mübahisələri və sair kimi məsələ qaldıranda rüsum az həcmdə saxlanıla bilər. Ümumiyyətlə isə rüsumların artırılmasının aztəminatlı ailələrə təsiri olmayacaq. Çünki aztəminatlı ailə heç vaxt məhkəmədə 1-2 milyonluq iddia qaldıra bilməz. Vətəndaşın 100, 200, 1000, 2000 manatlıq mübahisəsi varsa, o yenə də məhkəmədə 30 manat rüsum ödəyəcək. Lakin bəzən şirkətlər yüksək məbləğli iddia qaldırır və buna görə 30 manat rüsum ödəyir. Bu düzgün deyil. Onlar böyük məbləğli iddia qaldırır və rüsumu ödəməyə də imkanı olur”.
Kassasiya şikayətlərinin hədləri 2000 manatdan 5000 manata qaldırılması məsələləsinə gəlincə isə, R.Qurbanov bununla Ali Məhkəmənin iş yükünün azalacağını və səmərəliliyinin artacağını düşünür: “Ümumiyyətlə, beynəlxalq təcrübəyə əsasən, Ali Məhkəmə çox qəliz və qanunun tətbiqində müəyyən problemlər yaradan işlərə baxıb onları həll etməlidir. Hesab edirəm ki, Ali Məhkəməyə gedən müəyyən növ işlər məhdudlaşdırılmalıdır. Məsələn, bu gün nikahın pozulması ilə bağlı işin Ali Məhkəməyə gedib çıxması nə dərəcədə doğrudur? Aliment, nikah və sair kimi xırda məbləğli işlər Ali Məhkəməyə getməməli və belə işlər apelyasiya instansiyasında bitməlidir. Bunun üçün də bizim əsas məqsədimiz birinci instansiya və apelyasiya məhkəmələrində keyfiyyətliliyi artırmaq olmalıdır. Ali Məhkəmənin də yükünü müəyyən dərəcədə azaltmalıyıq. Məsələn, ABŞ-da Ali Məhkəmədə cəmi 11 hakim federal səviyyədə oturub. Bütün ABŞ-ın federal məhkəmə sistemində işlərə onlar baxırlar. Bu o demək deyil ki, onların icraatına bütün növ işlər daxil ola bilər. Onlarda da müəyyən məhdudiyyətlər var”.
R.Qurbanov qeyd edib ki, dəyişikliklərin əsas məqsədi ədalət mühakiməsinin daha çevik və səmərəli həyata keçirilməsini təmin etməkdir: “Mülki Prosessual Məcəllədə ən böyük yenilik odur ki, Mülki Prosessual icraatda hazırlıq institutu güclənəcək. Çünki bizdə bugünə qədər hazırlıq institutuna formal yanaşılırdı. Sübutetmə, sübutların təqdim olunması, işin əsas mahiyyəti üzrə baxılmasına hazırlanma hazırlıq mərhələsində olacaq. Baxışda isə hakimləri məhdudlaşdırırlar ki, süründürməçiliyə yol verilməsin. Bilirik ki, mülki mühakimə icraatında sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Hakim bu işdə yardımçı ola bilər. Ona görə də hazırlıq institutu güclənir ki, baxış mərhələsində hakim bir ya da iki baxışa o işi bitirsin. Ümumilikdə bu qanun layihəsi vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsinə, ədalət mühakiməsinin daha çevik həyata keçirilməsinə xidmət edəcək. Həmçinin, əsas baxış mərhələsində əsassız işlərin təxirə salınmasının qarşısı alınacaq. Dəyişikliyin əsas məğzi budur".
Demokrat.az


