Gündəm

Namiq Abdullayev: "KİVDF-nin dövründə Vüqar Səfərlinin qoyduğu dost-tanış ənənəsi artıq yoxdur"

Namiq Abdullayev: KİVDF-nin dövründə Vüqar Səfərlinin qoyduğu dost-tanış ənənəsi artıq yoxdur

Xəbər verdiyimiz iyulun 1-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn və çap media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb. Müsabiqədə 39 onlayn, 18 çap media subyektləri qalib gəlib.

"Big Group" şirkətininin rəhbəri, Sonxeber.az-ın qurucusu Namiq Abdullayev Demokrat.az-a bildirib ki, Medianın İnkişafı Agentliyi tərəfindən ayrılan vəsait onlayn və çap medianın inkişafına yönəlib: "Son dövrlər media sahəsində aparılan islahatlar əminəm ki, qısa müddət ərzində müsbət nəticələrini verəcək. KİVDF-nin dövründə Vüqar Səfərlinin qoyduğu dost-tanış ənənəsi artıq yoxdur. Artıq informasiya sahəsində yeni bir səhifə açılıb. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" fərman, Medianın İnkişafı Agentliyinin yaradılması əslində onlayn və çap medianın inkişafında əhəmiyyətli dönüşündən xəbər verir. Ümumiyyətlə çap və onlayn media subyektləri üçün elan olunmuş müsabiqə beynəlxalq müstəvidə mediada gedən müasir prosesləri özündə ehtiva etməklə yanaşı, həm də Azərbaycan media subyektlərinin peşəkarlığının artırılmasını, onların simasının müasirləşməsini, beynəlxalq rəqabətdə imkanlarının artırılmasını hədəfləyib. Əminəm ki, Medianın İnkişafı Agentliyi bu istiqamətdə üzərinə düşən missiyanı layiqli şəkildə yerinə yetirəcək, problemlərə konseptual yanaşma ortaya qoyacaq. Bu gün media sahəsində görülməli işlər çoxdur. Amma əsas niyyətdir. Qarşıda gediləsi böyük bir yol var. Təbii, əsas məsələ niyyətdir, istəkdir, əvvəldə də dediyim kimi iradədir. Əgər niyyət nəyisə müsbətə doğru dəyişməkdirsə, məsuliyyətli mühit formalaşdırmaqdırsa, bütün vasitələr keçərlidir. Əminəm ki, Medianın İnkişafı Agentliyi ali niyyətin gerçəkləşməsi yolunda mühüm işlək vasitəyə çevriləcək".

Demokrat.az

D
demokrat.az