"Azərbaycanın inkişafını bütün dünya, hətta bəzi erməni siyasətçiləri də qəbul edir. Hər kəs başa düşür ki, Azərbaycanla dostluq münasibətlərinin qurulması labüddür".
Bu barədə Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Deputat bildirib ki, son 15 il ərzində Azərbaycanın nəinki post-sovet məkanında, eyni zamanda Asiya və Avropa qitələrində xüsusi yeri və rolu var: "Azərbaycan inkişaf edən, sabit və dayanıqlı ölkədir. İstər siyasi-iqtisadi, istərsə də beynəlxalq münasibətlərdə Azərbaycanın reytinqi ilbəil artır. Demək olar ki, bütün dünya dövlətləri bu reallığı qəbul edir. Bir neçə nüansa diqqət çəkmək istəyirəm. Birincisi, biz postsovet ölkələri arasında bəlkə də yeganə ölkəyik ki, postpandemiya iqtisadiyyatını qura bilirik. Nəinki cizgilərini, konturlarını - ümumən arxitekturasını qururuq. Pandemiya ilə mübarizənin kifayət qədər uğurla həyata keçiririk. Ölkədə keçirilən beynəlxalq idman yarışlarına, təşkil edilən beynəlxalq görüşlərə baxmayaraq, Azərbaycan koronavirus ilə mübarizəni dayandırmadı və qabaqlayıcı tədbirlər sayəsində digər ölkələrlə müqayisədə daha az itki verdi. Hətta deyərdim ki, Azərbaycan pandemiyaya qalıb gəlməyə nail oldu".
R.Quliyev qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində 30 illik həsrətə son qoymağı bacarıb: “Uzun illər ərzində beynəlxalq təşkilatların icra edə bilmədiyi BMT-nin müvafiq 4 qətnaməsini Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu və Azərbaycan xalqı yerinə yetirdi. Bundan başqa, Azərbaycan artıq uzun illərdir ki, valyutasını stabil saxlaya bilib. Həmçinin ölkədə demokratiya və siyasi stabillik hökm sürür. Bu o deməkdir ki, Azərbaycanın sosial-iqtisadi inkişafı göz qabağındadır".
Demokrat.az


