"Tarif Şurasının qərarı ilə qazın kub metri üçün nəzərdə tutulan qiymətinin artırılması əslində post pandemiya dövründə əhalinin qaz istehlak xərclərinin artmasına təsir göstərəcək. Belə ki, vətəndaşlara qiymət artımından öncə 2500 kub metrə qədər limit verilirdi. Həmin limit indi 1200 kub metrə qədər aşağı salınıb. Yeni qərara əsasən qazın 1200 kub metrə qədər olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200-2500 kub metr hissəsi isə 1 kub metr üçün 20 qəpik səviyyəsində müəyyənləşdirilib".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Elmir Səfərli deyib.
O, qazın qiymətinin artmasının hər kəsə təsir etməyəcəyini vurğulayıb:
"Yəni qazın qiymətinin artması bütün əhaliyə təsir göstərməyəcək. Ümumi olaraq analiz etsək görərik ki, əhalinin təxminən 80-85% hissəsi 2500 kub metrə qədər, 50-55% hissəsi isə 1200 kub metrə qədər qaz istehlak edir. Bu o deməkdir ki, ortalama olaraq əhalinin yalnız 30-35% hissəsi artıq qaz istehlak xərclərini artırmış olacaq. Bu, pandemiyadan sonrakı iqtisadi dövrdə əhalinin ailə büdcəsinə təsirsiz ötüşməyəcək".
O, qiymət dəyişiminin əhalinin alıcılıq qabiliyyətinə, məhsulların qiymətinə necə təsir edəcəyinə də toxunub:
"Tarif Şurası kənd təsərrüfatı və sənaye sahələrinə verilən təbii qazın tarifini dəyişdirmədən 20 qəpik səviyyəsində saxladı. Bu qərar böyük kənd təsərrüfatı və sənaye obyektlərinə şamil edilir. Misal üçün istixanalara, fermalara və s. Bu səbəblə ümumi kənd təsərrüfatı və sənaye məhsullarının qiymətlərinə böyük təsir olmayacaq. Düşünürəm ki, yalnız kiçik kənd təsərrüfatı ilə məşğul olan şəxslər, xüsusi ilə fərdi ailə təsərrüfatı ilə məşğul olanlara müəyyən təsirlər olacaq. Yəni yalnız ailə təsərrüfatında istehsal olunan məhsulların maya dəyərinin qalxmağının şahidi ola bilərik".
Aygül Qarayeva Demokrat.az


