"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin iyunun 26-da Azərbaycan ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə Azərbaycanda ordu quruculuğu məsələsinə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Artıq dövlətimiz bu sahədə yeni mərhələyə başlayır. Bu, 15 iyunda Türkiyə dövlət başçısı ilə Azərbaycan Prezidenti arasında Şuşa şəhərində bağlanmış "Şuşa Bəyannaməsi"ndə də öz əksini tapıb".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
O, Azərbaycanın yaratdığı şansdan istifadə etməyin Ermənistan üçün son variant olduğunu bildirib:
"Azərbaycan 44 günlük müharibənin qalib tərəfi olsa da, bu dəfə də çox böyük humanistlik göstərərək kapitulyasiya sənədinə qol çəkən məğlub Ermənistana bir sıra güzəştlər etdi, erməni əhaliyə Azərbaycan ərazisində Azərbaycan vətəndaşlarına bərabər səviyyədə birgəyaşayış imkanı tanıdı, Laçın dəhlizi verdi, kommunikasiya xətlərinin açılmasına, Ermənistanın blokadadan çıxmasına şans yaratdı. Amma ermənilər bunu dəyərləndirə bilmədilər, növbəti dəfə öz kin-küdurətləri Azərbaycan xalqına nifrət içində boğulub qaldılar.
Əlbəttə, biz bu güzəştləri erməninin qaşına-gözünə aludə olduğumuz üçün etmədik, Azərbaycanda bir atalar sözü var: “İtə hörmət edərlər sahibinə görə”. Biz ermənilərə bu güzəştləri qonşu, dost Rusiya dövləti ilə strateji əməkdaşlıq münasibətlərinə görə etdik. Amma erməni elə bir etnik toplumdur ki, onlara zərrə qədər güzəşt edəndə, ayağı yer alır və daha artığına iddia edir. Ona görə də cənab Prezidentin Ermənistan üçün yeni şərtləri vaxtında atılmış addımdır. Həmin şərtlərə görə, Ermənistan bundan sonra qondarma Dağlıq Qarabağ iddiasından həmişəlik imtina etməli, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməməli, öz qonşuları ilə normal münasibətlər qurmalı və Azərbaycana qarşı bütün ərazi iddialarından əl çəkməlidir".
Deputatın sözlərinə görə, növbəti dəfə Azərbaycanla qarşı-qarşıya olmaq Ermənistanın sonu olacaq:
"Təbii ki, Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini bundan sonra da davam etdirəcəksə, Azərbaycana qarşı ərazi iddialarında qalacaqsa, yenə də özünün xəstə, saxta tarix xülyaları ilə dünya miqyasında Azərbaycana qarşı ideoloji fəaliyyətini davam etdirəcəksə, onlarla hansısa qonşuluq, əməkdaşlıq münasibətlərindən söhbət gedə bilməz. Azərbaycanla, Türkiyə ilə, digər qonşu ölkələrlə düşmənçilik münasibətləri regionda Ermənistanın özünün varlığına son qoya bilər. Belə olan təqdirdə artıq Ermənistanın ən azı növbəti 30 ilini də itirməsindən yox, dövlətçiliyini tamamilə itirməsindən söhbət gedə bilər. Məncə, bu da tam mümkündür, çünki tarix boyu dövləti olmayan bu toplumun heç vaxt dövlətçilik təcrübəsi, dövlətçilik ənənəsi olmayıb. Bu ənənələri qeyri-təbii yolla qazandıqları üçün asanlıqla da itirə bilərlər.
Əlbəttə, son seçim “kaş müsəlmanın son ağlı məndə olaydı” deyərək həmişə özünün ağılsızlığından şikayət edən ermənilərin özünə, olmayan ağılları ilə verəcəkləri qərara qalır".
Aygül Qarayeva Demokrat.az


