Gündəm

Deputat: “Ermənistan Azərbaycanın şərtlərini qəbul etdikdən sonra öz dövlətçiliyini qoruyub saxlaya bilər”

Deputat: “Ermənistan Azərbaycanın şərtlərini qəbul etdikdən sonra öz dövlətçiliyini qoruyub saxlaya bilər”

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan hər zaman beynəlxalq hüququn tələb etdiyi öhdəliklərə sadiq olub. İstər atəşkəs dövründə, istər 44 günlük müharibədə, istərsə də post müharibə dövründə dövlətimizin bu prinsipi dəyişməyib. Azərbaycan dünya dövlətlərinə və beynəlxalq təşkilatlara özünü bu cür tanıdıb. Azərbaycan qonşularının ərazi bütövlüyünü tanıyır, hüquqlarına hörmətlə yanaşır və bizə qarşı da BMT-nin təməl prinsiplərinə uyğun şəkildə həmin münasibətin göstərilməsini gözləyir və tələb edirik”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O, Azərbaycanın regionda sülh və əməkdaşlıq üçün vacib rol oynadığını, bu prosesdə Ermənistana diqtə etdiyini vurğulayıb:

“Prezident dəfələrlə sərhədlərin toxunulmazlığını, mehriban qonşuluq əlaqələrini, qarşılıqlı əlaqələrin təmin edilməsinin əhəmiyyətini vurğulayıb. Təəssüf ki, Ermənistan hər zaman, hətta müstəqilliyin qazanıldığı ilk illərdən işğalçılıq siyasəti yürütmüş, bunun üçün müxtəlif bəhanələr gətirərək, əslində öz işğalçı niyyətini açıqlamışdır. Beynəlxalq hüquqa uyğun olmayan bu hərəkətlər dünya birliyi ölkələri tərəfindən Ermənistanın nəzərinə çatdırılsa da, nə BMT-nin qətnamələri icra edilib, nə də beynəlxalq hüquqları nəzarətdə saxlayan təşkilatlar və dövlətlər bu istiqamətdə müvafiq addımlar atdılar. Azərbaycan öz ordusu, gücü və Ali Baş Komandanın dəmir iradəsi sayəsində ərazi bütövlüyünü bərpa etdi. Artıq Ermənistanın qarşısında bir yol var, ərazi bütövlüyümüzə, hörmət prinsiplərinə riayət etmək və Dağlıq Qarabağ problemi anlayışını birdəfəlik unutmaq. Bu istiqamətdə addımlar atılmasa, nə Ermənistanın iqtisadi gücü, nə potensialı, nə də demoqrafik vəziyyəti Azərbaycanla mübarizə aparmağa belə kifayət etməyəcək”.

Deputatın fikrincə, Prezidentin çıxışı Ermənistan üçün həm də xəbərdarlıq idi və bu xəbərdarlığa məhəl qoymamaq Ermənistan üçün ağır nəticələnə bilər:

“Azərbaycanla normal münasibətlər qurulmasa, üçtərəfli bəyannamədə əks olunduğu kimi Zəngəzur dəhlizinin açılmasa, bu dövlət ərazi iddialarından əl çəkməsə, Ermənistan təcrid vəziyyətində olacaq və öz dövlətçiliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qala bilər. Prezidentin təklif etdiyi əməkdaşlıq çərçivəsində, qonşu dövlətlərlə dinc münasibət qurmaq prinsiplərinə əməl etməklə, Azərbaycanın şərtlərini qəbul etdikdən sonra Ermənistan da iqtisadi inkişafını təmin edə bilər. Bununla da, Ermənistan ən azından öz dövlətçiliyini qoruyub saxlaya bilər. Azərbaycanın şərtləri bütün beynəlxalq normalara uyğundur və prezident əməkdaşlıq istiqamətində vacib mesajlar verdi. Həmçinin, prezident xəbərdarlıq etdi ki, “Dəmir yumruq” yerindədir və bu istiqamətdə yanlış addımlar Ermənistanın fəlakəti ilə nəticələnə bilər”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az