Rusiyanın Rostov vilayətində yaşayan azərbaycanlılar icmasının sədri, Ümumrusiya Azərbaycanlıları Konqresinin Rostov üzrə nümayəndəsi Şakir Allahverdiyev özünü Rostovdakı Azərbaycan diasporunun rəhbəri kimi təqdim edən Vaqif Mustafayevin erməni xalqını təbrik etməsinə etiraz edib.
Demokrat.Az-ın məlumatına görə, Şakir Allahverdiyev "Ölkə.Az"a açıqlamasında bildirib ki, Vaqif Mustafayevin Azərbaycan diasporasına heç bir bağlılığı yoxdur:
"Mən Vaqif Mustafayevi uzun illərdən bəri yaxşı tanıyıram. Əvvəllər Rusiya polisində çalışıb. Polisdə işlədiyi vaxtlarda Rusiya bazarlarında çalışan azərbaycanlılardan qanunsuz şəkildə pul yığırdı. Pul verməyənləri isə hədələyirdi. Hətta, bir neçə il bundan öncə azərbaycanlılar bizə bu adamdan şikayət etmişdilər. Mən bildirdim ki, Vaqif Mustafayevə pul verməyin. Sonra Vaqif Mustafayev killer tapıb məni öldürtmək istəyirdi. Yaxşı ki, bu planın üstü açıldı və həmin dəstə ifşa olunaraq həbs edildi. Həmin vaxt Vaqif Mustafayev də 9 il iş almışdı. Bu adam polisdən də qovulub. Həbsdən çıxandan sonra isə Vaqif Mustafayev Rostovda "Azərbaycan mədəniyyət mərkəzi" adında bir təşkilat yaradıb. Ancaq bu adam Azərbaycan əleyhinə olan şəxsdir".
Diaspora sədri deyib ki, Vaqif Mustafayevin həyat yoldaşı milliyətçə ermənidir:
"Vaqifin arvadı da ermənidir. Ona görə də Rostovda Vaqif Mustafayevin azərbaycanlılar arasında hörməti yoxdur. O, daha çox ermənilərə yaxındır".
Xatırladaq ki, Rusiyanın Rostov vilayətində azərbaycanlı diaspora sədri Vaqif Mustafayevin erməniləri "Milad Bayramı" münasibətilə təbrik etməsi azərbaycanlılar tərəfindən ciddi narazıçılıq yaradıb.


