Gündəm

İlham İsmayıl: "Şuşa bəyannaməsi" erməni seperatizminin kökünün kəsilməsinə istiqamətlənib"

İlham İsmayıl: Şuşa bəyannaməsi erməni seperatizminin kökünün kəsilməsinə istiqamətlənib

“Şuşa bəyannaməsi” müstəqillik dövründə imzalanan bütün razılaşmalar, sənədlər içərisində ən önəmlisidir. Belə bəyannamənin imzalanması Azərbaycan xalqının müstəqillik qazanandan bəri ən böyük arzularından idi. Bəyannamənin Şuşada imzalanması, adının Şuşa ilə bağlı olması xüsusi əhəmiyyət daşıyır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

Ekspert Azərbaycanla Türkiyə arasında imzalanan “Şuşa bəyannaməsi”nin Azərbaycanın təhlükəsizliyinin təminatı olduğunu qeyd edib:

“Zaman-zaman şahidi olmuşuq ki, ən vacib məsələmiz ərazi bütövlüyümüz, təhlükəsiziyimizin təminatıdır. Bilirik ki, yüz il əvvəl də Türkiyənin bizə köməyi dəyib. Bu ölkə ilə tarixi bağlarımız var. Torpaqlarımız işğal olunarkən və ondan sonrakı dönəmdə Türkiyə birbaşa kömək, müdaxilə edə bilmirdi. Yalnız 44 günlük Vətən müharibəsi dönəmində böyük siyasi, diplomatik və mənəvi yardım etdi. “Şuşa bəyannaməsinin” imzalanması ilə Türkiyə kimi güclü dövlətin köməyi artıq hüquqi baxımdan da öz əksini tapdı. Bu bəyannamə əsasında perspektivdə çox müqavilələrə imza atılacaq. “Şuşa bəyannaməsi” Azərbaycanın BMT-nin rəsmi şəkildə tanıdığı ərazisinin qorunması baxımından ciddi əhəmiyyətə malikdir. Hər iki dövlət ərazilərinə təhlükə olarsa, qarşılıqlı hərbi yardım göstərə biləcək”.

İlham İsmayıl Qarabağın perspektivi və problemin tam başa çatması üçün bu bəyannamənin xüsusi əhəmiyyətə malik olduğunu bildirib:

“Müdafiə sənayesinin, ordunun yenilənməsi ilə bağlı da iki dövlət arasında vacib işlər görüləcək. “Şuşa bəyannaməsi” iki ölkə arasında əməkdaşlığın bütün sahələrini əhatə edir, lakin daha əhəmiyyətlisi təhlükəsizlik məsələləridir. Təhlükəsizliklə bağlı məsələlər hələ də Qarabağla bağlı problemlərin olması nöqteyi-nəzərindən çox vacibdir. Sülhməramlıların bölgədəki birinci 5 illik müddəti başa çatdıqdan sonra Türkiyə ilə aparacağımız təhlükəsizlik məsələləri üzrə birgə fəaliyyət əsas rol oynayacaq. Bu birgə fəaliyyət də bəyannamədə öz əksini tapıb. Burda həm birgə hərbi məsələlər, həm də birlikdə uzlaşmış siyasət yürütmək nəzərdə tutulur.

“Şuşa bəyannaməsi” erməni seperatizminin kökünün kəsilməsinə istiqamətlənib. Bu bəyannamə ərazi bütövlüyümüzün təminatıdır. Bununla da, həm şimaldan, həm də cənubdan gələ biləcək təhlükələrin qarşısı alınacaq”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az