Gündəm

"Ərdoğanın səfəri ilə məhz Şuşada Azərbaycan-Türkiyə münasibətləri yeni bir dönəmə qədəm qoyacaq"

Ərdoğanın səfəri ilə məhz Şuşada Azərbaycan-Türkiyə münasibətləri yeni bir dönəmə qədəm qoyacaq

“Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın səfəri bir neçə istiqamətdə olduqca əhəmiyyətlidir. İlk əhəmiyyəti ondan ibarətdir ki, Şuşa Azərbaycanın simvol şəhəridir və Qarabağ işğaldan azad edildikdən sonra ora səfər edən ilk xarici dövlət rəhbəri də məhz Ərdoğan olacaq. Bu, Azərbaycan prezidentinin atdığı addımlar qədər yüksək əhəmiyyəti olan səfər kimi qiymətləndirilir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri barədə danışarkən deyib.

O, bu səfərin xüsusilə Şuşa üçün olduqca əhəmiyyətli olduğunu qeyd edib:

“Şuşa diplomatik protokola salındı, yəni ən yüksək səviyyəli dövlət səfərlərinin, tədbirlərinin tərkib hissəsi kimi Şuşa öz yerini alacaq. Həmçinin Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olacaq. Tədbirdəki elementlərin özü simvolik xarakterə malikdir. Şuşanı erməniləşdirməyə çalışırdılar, amma indi Şuşada Pənahəli xanın dönəmindəki kimi bər-bəzəkli atlarla qarşılanma mərasimi keçiriləcək. Bu, 18-ci əsrin ikinci yarısından Şuşanı işğal etmək istəyib, amma buna nail ola bilməyənlərin tarixdəki yerlərinə mesaj olacaq.

Prezident öz çıxışlarında tez-tez bildirirdi ki, Hadrutun və Şuşanın azad edilməsi Yuxarı Qarabağ bölgəsinin statusunun məhv olması demək idi. Ərdoğanın səfərinin vacib nüanslarından biri ondan ibarətdir ki, Qarabağla bağlı qaranlıq qalan məqamlara, xüsusilə də rusiyalı sülhməramlıların taleyinə böyük ölçüdə aydınlıq gətirəcək. Yəqin ki, bu səfərdən sonra Türkiyənin hansısa şəkildə birbaşa bölgədə iştirakının şahidi olacağıq. Rus sülhməramlıları konkret formada ərazidə olduqları kimi, bunu Türkiyədən də görəcəyik. Bütövlükdə Azərbaycanın tərkibində olan Qarabağın hərbi təhlükəsizliyi baxımdan taleyi Türkiyənin əlində olacaq. Bu, bölgənin vəziyyəti üçün olduqca önəmlidir”.

Beynəlxalq məsələlər üzrə mütəxəssis bildirir ki, səfər zamanı iki ölkə arasında imzalanacaq müqavilə də Şuşanın, ümumilikdə Qarabağın gələcəyi ilə bağlı mühüm siyasi gediş olacaq:

“Dövlətlər arasında yüksək səviyyəli, geniş çeşidli müqavilələrin bağlanması nəzərdə tutulur. Çox güman ki, burda birgə müdafiə, silahlanma, Qarabağın yenidən qurulması ilə bağlı məsələlər əksini tapacaq. Ümumilikdə regionun inkişafı ilə bağlı gələcək addımların planlaşdırılmasının da şahidi olacağıq. Yaxın gələcəkdə Türkiyədən gəlib Azərbaycandan keçəcək Zəngəzur dəhlizi ilə bağlı yekun bir addım atılmalıdır. Dünən Brüsseldə baş tutan görüşdə Fransanın Qarabağla bağlı mövqeyi, ABŞ-ın fikirləri və bu gün keçiriləcək Bayden-Putin görüşü öncəsi Azərbaycan-Türkiyə rəhbərlərinin verəcəyi mesajlarla tandem təşkil etməlidir. Ərdoğanın səfəri ilə məhz Şuşada Azərbaycan-Türkiyə münasibətləri yeni bir dönəmə qədəm qoyacaq.

Şuşada Qars müqaviləsi kimi əhəmiyyətli, geniş bir sözləşməyə imza atılması gözlənilir. 1921-ci ildə imzalanan Qars müqaviləsi həm Naxçıvanı xilas etdi, həm də Azərbaycanın sonrakı taleyi ilə bağlı pozitiv addımların atılmasına gətirib çıxardı. Bu gün Şuşada bağlanacaq müqavilə də Şuşa üçün eyni əhəmiyyətdə olacaq. Azərbaycan-Türkiyə arasında Şuşada imzalanacaq müqavilə Şuşanın Qars müqaviləsi olacaq”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az