"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hər səfəri ölkəmiz üçün böyük bir hadisədir. Bu səfər Azərbaycan və Türkiyə arasındakı münasibətləri daha yüksək səviyyəyə çatdırılmasına xidmət edəcək. Həmçinin Türkiyə prezidenti Ərdoğanın Bakıya səfəri iki ölkə arasındakı dostluğu, qardaşlığı dünyaya göstərmək üçün yeni imkandır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Türkiyə dövlət başçısının Azərbaycana - Şuşaya səfəri ilə bağlı danışarkən deyib.
O, Ərdoğanın Şuşaya səfərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:
"Ərdoğan işğaldan azad edilmiş ərazilərə, xüsusilə mədəniyyət paytaxtımız Şuşaya səfər edən ilk xarici ölkə rəhbəri olacaq. Türkiyə dövlət başçısının Şuşaya səfəri Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini, bütün problemlərdə iki ölkənin yan-yana olmasının nümunəsi olacaq. Səfərdə Türkiyənin həm işğaldan azad olunan ərazilər, xüsusilə Şuşa ilə bağlı layihələrinin təqdimatı keçiriləcək. Bunların hansı formada reallaşacağını isə səfər zamanı öyrənəcəyik".

Türkiyə prezidentinin ABŞ dövlət başçısı Cozef Baydenlə görüşündən sonra Azərbaycana səfər edəcəyinə toxunan deputat, hər iki görüşün bölgədəki vəziyyət və Qarabağ məsələsi ilə bağlı müzakirələri yeni mərhələyə daşıyacağını düşündüyünü bildirib:
"Şübhəsiz ki, Ərdoğanla Bayden arasındakı görüş zamanı Türkiyə prezidenti Qarabağ məsələsi, Azərbaycanın haqq mübarizəsi ilə bağlı ABŞ rəhbərini məlumatlandıracaq. Ərdoğan Bakıya səfəri zamanı Azərbaycan prezidenti ilə məhz həmin görüşün nəticələri barədə müzakirələr aparacaq. Bu baxımdan, Ərdoğanın ABŞ, daha sonra isə Azərbaycan prezidenti ilə görüşü yeni yanaşmalar ortaya çıxara bilər".
Aygül Qarayeva Demokrat.az


