Saxta əlillik sənədlərinin verilməsi, saxta əlillik təyinatlarının ləğvi məsələsi yenidən gündəmdədir. Bununla bağlı etiraz edənlərin sayı artmaqdadır. Lakin məsələnin həlli yönündə problemlər qalmaqda davam edir. Bəs illərdir həmin problemlər hansı səbəbdən həll olunmur?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında cari ilin sonunadək problemin həllini tapacağını bildirib:
"Bu, 2015-ci ildən qaynaqlanan problemdir. Həmin vaxt əlilliyin müəyyənləşdirilməsi üçün təkrar ekspertiza 5 il müddətinə təyin olunmuşdu. Həmin dövrdə və ondan sonrakı vaxtda bir qrup insana şişirdilmiş diaqnozlar əsasında əlillik verilib. İndi də təmizləmə işləri aparılır və bu məsələylə bağlı müəyyən gərginliklər var. Çünki həmin şəxslər bu 5 il ərzində xəstəxanada yatmayıblar, indi də onların yenidən xəstəxanaya yerləşdirilməsi, diaqnozun dəqiqləşdirilməsi və müalicə aparılması lazımdır. 
Qarabağ qazisi Kamil Musəvi isə saxta əlillik statusunu verən şəxslərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb:
"Saxta əlillik sənədi verilənlərin statusunun ləğv edilməsinin tərəfdarıyam, amma məsələ daha dərin araşdırılmalı, saxta sənədi verənlər müəyyənləşdirilməlidir. Həmin şəxslər də lazımi səviyyədə cəzalandırılmalıdır. 
O, əlilliyi ləğv edilən insanlar barədə də daha dərin araşdırma aparılmalı olduğunu qeyd edib:
"Digər tərəfdən, cəmiyyətdən küsən bir qrup insan var ki, onlar həqiqətən əlildirlər, lakin əlillik statusu ləğv edilib. Bu, qəbulolunmaz haldır. Həmin şəxsləri yoxlayarkən, sağaldığını qeyd edib, əlilliyini ləğv edirlər, amma belə olmaz axı. Həmin şəxs döyüşüb, qazi olub, məsələ daha dərin araşdırılmalıdır. Ləğv edilən əlillik sənədləri belə düzgün araşdırılmalıdır. Bununla da, haqq-ədaləti bərpa etmiş olarıq. Araşdırmadan saxta əlil deməklə kiminsə sənədini ləğv etmək onu cəmiyyətdən uzaqlaşdırmaq, dövlətə qarşı qaldırmaq deməkdir".
Aygül Qarayeva Demokrat.az


