Gündəm

"Mehman Hüseynov qanunları pozduğu üçün həbs olunub" - Deputat

Mehman Hüseynov qanunları pozduğu üçün həbs olunub - Deputat

"Mehman Hüseynov Azərbaycan qanunlarını pozduğu üçün həbs olunub".

Bu fikirləri Demokrat.Az-a açıqlamasında Milli Məclisin deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov bildirib.

Deputat deyib ki, istər jurnalist, istərsə də digər peşə sahibi olursa olsun, yəni peşəsindən, işindən və siyasi fəaliyyətindən asılı olmayaraq istənilən vətəndaş əgər qanunazidd hərəkət edirsə, təbii ki, o qanun qarşısında cavab verməlidir:

"Yəni, həmin adamlar qanunun tələblərinə uyğun olaraq cəzalandırılmalıdır. İndi Mehman Hüseynov da qanunun tələblərini hansısa formada pozduğu üçün həbs olunub. O ki qaldı onun aclıq keçirib-keçirməməsi məsələsinə, bununla bağlı hər kəs bir söz deyə bilər. Ancaq bu məsələ ilə bağlı rəsmi məlumat var. Həmin rəsmi cavabda Ədliyyə Nazirliyi bu məsələyə mövqe bildirir və real vəziyyətin necə olduğunu bəyan edir. Eyni zamanda Ombudsman Aparatı da Mehman Hüseynovun vəziyyətilə yaxından maraqlanıb. Ancaq Mehmanın ac olması barədə deyilənlər təsdiqini tapmayıb. İndi bunu şouya çevirmək, Azərbaycana qarşı daxildən və xaricdən yeni kampaniyalar başlatmaq yaramaz hərəkətlərdir. Müxalifət car çəkir ki, "Vaşinqton Post" qəzeti Mehmanla bağlı filan yazı yazıb və sairə. Yaxşı olar ki, "Vaşinqton Post" qəzeti ABŞ-ın dünyada törətdiyi qanlı hadisələrdən yazsın! Bu yaxınlarda ABŞ hərbiçiləri Suriyanı bombalayan zaman onlarla dinc sakin həlak oldu. Son illər ərzində ABŞ hərbiçiləri Suriyada bəlkə də 100 minlərlə günahsız insanı öldürüb. Bəs "Vaşinqton Post" qəzeti niyə bunlardan da yazmır? Əsl insan hüquqlarını ABŞ özü pozur".

E.Məmmədov Azərbaycana qarşı qarayaxma kampaniyaları aparıldığını söyləyib:

"Biz bilirik ki, mütəmadi olaraq Azərbaycana qarşı bu cür qarayaxma kampaniyaları aparmaqla ölkəmizə təzyiqlər edilir. Ortada bir həqiqət var. Bunu hər kəs gözəl bilir. Bizə qarşı qarayaxma kampaniyası aparan həmin qüvvələr Azərbaycanı sabit və inkişaf edən müsəlman dövləti kimi görmək istəmir. Bu qüvvələr Azərbaycanı da Suriya və İraq kimi görmək istəyirlər. Təbii ki, bütün bunlara qarşı hər bir Azərbaycan vətəndaşı öz mövqeyini ortaya qoymalıdır və aparılan qarayaxma kampaniyaları pisləməlidir".

Demokrat.Az

D
demokrat.az