“Post pandemiya dövründə iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində ilk növbədə ziyan çəkmiş əhalinin vəziyyətinin bərpasına şərait yaratmaq lazımdır. Turizmin dirçəlişinə kömək etmək, inkişafı şaxələndirmək lazımdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov post pandemiya dövründə iqtisadiyyatın, turizmin bərpası ilə bağlı danışarkən bildirib.
O, qeyd edib ki, bərpa və yeni inkişaf mərhələsində əsas məsələ turizmin dirçəlməsidir:
“Nəzərə almaq lazımdır ki, pandemiyaya qədərki dövrdə Azərbaycan turizmi sürətlə inkişaf edirdi. Dinamik inkişafı MDB ölkələrindən gələn turistlərin sayında da görmək mümkün idi. Bu da öz növbəsində yeni iş yerlərinin açılmasına, infrastrukturun genişlənməsinə şərait yaradırdı. Pandemiya dövründə isə xüsusilə bu sahə böyük mənfi təsirə məruz qaldı. Artıq turizmin dirçəldilməsi və daha sonra bərpası üçün addımlara başlamaq olar”.


Eskpert iqtisadi gücün artırılması və turizmin bərpasında beynəlxalq tədbirlərin roluna da toxunub:
“Formula 1 və Avropa çempionatı oyunları Azərbaycanın beynəlxalq nüfuzunun dayanıqlığını təmin edir. Ən vacib isə bu, ölkənini investisiya cəlbediciliyini artıra biləcək ən mühüm məqamlardan biridir. Hazırda istənilən investisiya fondları bu qəbildən olan göstəricilərə xüsusi diqqət edirlər. Çünki bu cür beynəlxalq yarışların keçirilməsində ilk növbədə iqtisadi, siyasi sabitlik və yarışların keçirilmə səviyyəsi kimi göstəricilər nəzərə alınır. İnvestisiyanın cəlb edilməsi də iqtisadiyyatda öz müsbət təsirini qısa zamanda göstərəcək”.
Aygül Qarayeva Demokrat.az


