Gündəm

"Formula 1" oyunları turistlərin yenidən cəlb edilməsi baxımından böyük əhəmiyyət daşıyır" — Deputat

Formula 1 oyunları turistlərin yenidən cəlb edilməsi baxımından böyük əhəmiyyət daşıyır — Deputat

“Pandemiya bütün dünya iqtisadiyyatına mənfi təsir göstərib, turizm sahəsi isə demək olar ki, iflic vəziyyətə düşüb. Azərbaycanda da vəziyyət eynidir, il yarımdır ki, ölkəyə turistlər gəlmir. Ölkə büdcəsinə turizmdən daxil olan gəlirlər minimuma enib. Artıq post pandemiya dövrünə qədəm qoymuşuq, ölkədə ciddi yumşaldılma tədbirləri həyata keçirilib”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

O, Bakıda keçirilən "Formula 1" və tezliklə start götürəcək Avropa çempionatı oyunlarının turizmin bərpasına müsbət təsir göstərəcəyini vurğulayıb:

“Post pandemiya dövrünün başlaması ilə ölkələr turizm sektorunda mübarizəyə başlayacaqlar. Hansı ölkələr daha çevik tədbirlər görsə, həmin ölkələrin dünya turizmində payı çoxalacaq. Hazırda ölkəmizdə keçirilən "Formula 1" oyunları və tezliklə başlayacaq Avropa çempionatının 4 matçı turistlərin yenidən cəlb edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Formula1 yarışlarının auditoriyası çox genişdir – 500 milyondan çox insan bu yarışları izləyir. Azərbaycan bir daha dünya səviyyəsində izlənəcək. Ölkəmiz bir neçə gün ərzində dünyanın gündəmində olacaq. Bu yarışlar sayəsində Azərbaycanın turizm potensialını bir daha dünyaya nümayiş etdirmək imkanı əldə edəcəyik”.

Deputat beynəlxalq yarışlar sayəsində turizmdən gələn gəlirlərin bərpa edilə biləcəyini də vurğulayıb:

“Pandemiyaya qədər Azərbaycan turizm sahəsindən böyük gəlir əldə edib. 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlib və turizmdən gələn vəsait 4 milyard dollardan artıq olub. Artıq biz həmin vəziyyəti yenidən bərpa etməliyik. Turizm sahəsinə böyük yer verməklə, ölkədə iqtisadi sabitliyi qorumuş olarıq. Bu baxımdan beynəlxalq tədbirlər vacib rol oynayır. Turizmin bərpası, iqtisadiyyatın inkişafı üçün olduqca əhəmiyyətlidir. Son bir ildə biz koronavirusa qarşı ciddi mübarizə apardıq və bunun üçün dövlət büdcəsindən xeyli vəsait ayrıldı.

Digər tərəfdən, pandemiya dövründə biz həm də müharibə apardıq. Belə şəraitdə müharibənin aparılması kifayət qədər xərc tələb edən proses idi. Bütün bunlara baxmayaraq, biz həm işğaldan azad olunmuş ərazilərimizi bərpa edirik, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edirik. Bu, ölkə iqtisadi siyasətin düzgün istiqamətdə olduğunun sübutudur. Bu illər ərzində yaradılan dayanıqlı ölkə iqtisadiyyatı hər bir böhranlı vəziyyətdən çıxmağımıza imkan verir”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az