"Azərbaycanda iqtisadi inkişaf yüksək templə davam edir. Son il yarımdır pandemiya iqtisadiyyatın bütün sahələrinə təsir edib, keçən payızda 44 günlük müharibə aparmışıq, müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa, quruculuq işləri görülür. Amma bu amilə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz inkişaf tempini davam etdirir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev "8 Noyabr" metro stansiyasının açılması ilə bağlı danışarkən bildirib.
Deputat qeyd edib ki, yeni metro stansiyalarının açılması ölkənin ümumi iqtisadi inkişafının əsas göstəricilərindən biridir:
"Əvvəldən nəzərdə tutulan işlər də həyata keçirilir və başa çatdırılır və bu, ölkənin ümumi inkişaf tempinə uyğundur. Yeni - "8 Noyabr" metro stansiyasının açılması, yeni yolların çəkilməsi, yeni parkların salınması, sosial obyektlərin inşa edilməsi Azərbaycan əhalisinin rahat yaşaması, rifah halının yaxşılaşması üçün atılan addımlardır. Həmçinin yeni metro stansiyalarının açılması şəhərdə yerüstü nəqliyyatdakı problemlərin aradan qaldırılmasına, sıxlığın azalmasına da xidmət edəcək. Yeni stansiyaların tikilməsi vətəndaşların bir məntəqədən digərinə daha tez çatmasına da kömək edəcək".
Digər postsovet ölkələrində metro stansiyalarının tikintisinə toxunan deputat vurğulayıb ki, Azərbaycan bir çox göstəricidə həmin ölkələri qabaqlayır:
"Azərbaycan metro stansiyalarının tikilməsində digər ölkələrlə müqayisədə müsbət irəliləyişə nail olub. Təkcə metro stansiyasının tikintisində deyil, iqtisadi inkişafın digər parametrlərində, sosial parametrlərdə də inkişafdadır. Orta aylıq əmək haqqı, yaşayış minimumu, minimum əmək haqqı parametrlərində postsovet ölkələri arasında liderlərdəndir. Bəzi göstəricilərdə 1-ci, 2-ci yerləri bölüşür. Bütün bunlar ölkənin qüdrəti ilə bağlıdır. Torpaqlarımızın bir hissəsinin 30 ilə yaxın işğalda olması, hərbi vəziyyətdə olmağımız iqtisadi inkişafa öz mənfi təsirini göstərib. Bu vəziyyətdə olan ölkəyə güclü ordu, böyük büdcə xərcləri lazım idi. Bu təsirlərə baxmayaraq, Azərbaycan iqtisadi göstəricilərdə öz mövqeyini qorumağı və yaxşılaşdırmağı bacarıb. Nəzərə almaq lazımdır ki, bundan sonra yuxarıda sadaladığım xərclər xeyli azalacaq. Prezidentin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi layihələri uğurla həyata keçirilir. İqtisadi göstəricilərdə Rusiya və Qazaxıstan istisna olmaqla, MDB-nin digər ölkələrini üstələyirik. Bəzi göstəricilərdə isə biz onlara yaxınıq".
Aygül Qarayeva Demokrat.az


