Gündəm

“Prezident işğaldan azad olunmuş hər qarış torpağa şəxsən özü səfər edib, bərpa işlərinə nəzarət edir”

“Prezident işğaldan azad olunmuş hər qarış torpağa şəxsən özü səfər edib, bərpa işlərinə nəzarət edir”

“Sevindirici haldır ki, Ağdam rayonunun Azərbaycana təhvil verilməsi prosesi heç bir güllə atılmadan, heç bir əsgərimizin qanı tökülmədən baş tutub.

Ağdam rayonunun ərazisi Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamlarının mürəkkəbliyi ilə seçilirdi. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, sentyabrın 27-dən etibarən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və Şuşa şəhəri hərbi əməliyyatlar nəticəsində işğaldan azad olunmasaydı, heç Ağdam da bizə belə rahat qaytarılmayacaqdı. Bu, ölkə başçısının diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində baş tutdu”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, azad edilən bütün ərazilərdə erməni vandalizminin izləri qalıb: “Təbii ki, Ağdam rayonu Azərbaycanın tərkibində olduğu formada qalmayıb. Ermənilər Ağdam şəhərini dağıntılara məruz qoyub. Xarici jurnalistlər və nümayəndələr bura səfər zamanı Ağdamı “ruhlar şəhəri” adlandırıblar. Lakin əvvəlki görüntülərə baxdıqda Ağdamın necə gözəl şəhər olduğunu görmək mümkündür. Ağdamda olan tikillilərin əksəriyyəti işğal dövründə məhv edilib. Təsəvvür edin, rayonun meşə fondu 4 743 hektar olsa da, işğal dövründə onların xeyli hissəsi Ermənistan tərəfindən məhv edilib. Lakin dövlətimiz bu ərazilərin əvvəlki vəziyyətindən də gözəl olması üçün əlindən gələni edəcək. İşğaldan azad olunan bütün torpaqlar bərpa olunur. Hazırda Ağdamda təmir bərpa işləri gedir. Cənab prezident işğaldan azad olunmuş hər qarış torpağa şəxsən özü səfər edib, bərpa işlərinə nəzarət edir. Ağdamda böyük meşə massivi yaradılır, bu mənfur düşmənin məhv etdiyi Ağdam meşələrinin bərpasıdır. Şəhərin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. Artıq Ağdam üçün yeni dövr başlayır. Şəhərin içində 125 hektarlıq böyük bir meşə zolağı olacaq. Süni göl, kanallar, körpülər yaradılacaq. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyulub. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada insanlar işlə təmin ediləcək. Ağdam rayonu yenidən Azərbaycanın zəngin, mədəniyyətin, aqrar sənayenin gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Bu rayon ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir məkan olacaq. Ağdamda işğal muzeyinin və zəfər muzeyinin tikilməsi tariximizin əyani şəkildə gələcək nəsillərə və ölkəmizin tarixilə maraqlanan xarici qonaqlara təqdim olunmasıdır. Hər iki muzey çox incə detallarla işlənib, bütün gərçəklikləri əks etdirəcək. Ağdam şəhərinin bərpası üçün Baş Plan təsdiq olundu ki, bu plana əsasən infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcəkdir. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Cənab prezidentin də qeyd etdiyi kimi, Respublika Gününün Ağdam şəhərində qeyd edilməsi və şəhərin baş planının təqdim edilməsinin böyük rəmzi mənası var. Ona görə ki, bu azad edilmiş torpaqlarda təsdiqlənən ilk Baş Plan olub. Ali Baş Komandanın söylədiyi kimi, işğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”.

Demokrat.az

D
demokrat.az