Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir.
Bununla bağlı olaraq RİH tərəfindən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsinə start verilib. Layihə çərçivəsində şəhid Həsənov Fariz Şahin oğlunun həyat yoldaşı Əzizə Həsənova ilə əlaqə saxlanılıb, övladlarının istəkləri öyrənilib. Qəhrəmanımızın oğlu RİH tərəfindən bağçaya yerləşdirilib. Bundan başqa, şəhidin oğlunun velosiped, qızının isə səyyar lövhə istədiyi məlum olub. Abşeron RİH-nin baş məsləhətçisi Tofiq Abdullayev tərəfindən velosiped və səyyar lövhə ailəyə təqdim edilib və beləliklə də şəhid övladlarının arzusu yerinə yetirilib. T.Abdullayev bildirib ki, torpaqlarımızın azad olunmasına görə şəhidlərimizə borcluyuq. “Ona görə də şəhid övladlarını sevindirmək üçün hər birimiz əlimizdən gələni etməliyik. Bu layihə ilə insanları qəhrəmanlarımızın övladlarını sevindirməyə səsləyirik” – deyə T.Abdullayev qeyd edib.
Şəhidin həyat yoldaşı Əzizə Həsənova da öz növbəsində göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Layihənin böyük əhəmiyyət daşıdığını qeyd edərək digər insanların da bu ideyaya qoşulmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, şəhid Həsənov Fariz Şahin oğlu 1987-ci il fevralın 12-də Ağstafa rayonunda anadan olub. Hərbi xidmətini Milli Qvardiyada başa vurub. 2008-ci ildən Ordu sıralarına yazılıb. MAXE kimi 12 il xidmət edib. Xidməti illərində aprel döyüşlərində iştirak edib. Döyüşlərdə xususi məharətlər göstərdiyinə görə Fəxri Fərmanlarla təltif olunub. Ordumuzun “95 illiyi” münasibətilə və qüsursuz xidmətə görə “3-cü dərəcəli medalı” ilə təltif olunub. İkinci Qarabağ döyüşləri başlayan zaman şəxsi heyəti ilə birgə Füzuliyə göndərilib. Fizuli və 8 kəndinin alınması uğrunda xüsusi məharətlər göstərib ve 30-dan cox erməni hərbiçisini məhv edib. Oktyabrın13-də qəhrəmancasına döyüşərək şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Demokrat.az


