“Bloger Aleksandr Lapşinin Ermənistan mətbuatına verdiyi müsahibələri oxumuşam, təhlil etmişəm. Lapşin, hətta gödəkçəsini belə, satıb ermənilər üçün ianə edib. O, Azərbaycana düşmən olduğunu daim nümayiş etdirib, ermənilərin muzdlusu kimi çıxış edib. Azərbaycanın Lapşin barəsində verdiyi qərarlar tamamilə qanunauyğun idi. Azərbaycan konstitutsion hüquqdan çıxış edərək addım atdı. Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasına daxilik, bu, şübhəsizdir, qərarları da icra edirik. Azərbaycanda beynəlxalq hüquq Konstitutsiyadan başqa digər qanunlardan üstündür. Yəni Konstitutsiyanın pozulması halı baş verərsə, bu, Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasına aid olmur”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
T.Kərimli təəssüf hissi ilə qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi bəzi hallarda mülahizələr əsasında qərarlar verir: “Burada islamafobiya, Azərbaycan əleyhinə aparılan təbliğatın təsiri var. Azərbaycan tərəfi Böyük palataya şikayət etməlidir. Biz Avropa Məhkəməsinin qərarlarını icra edirik. Amma belə yanaşma düzgün deyil axı... Məhkəmə qərarları icra olunsa belə, qərarların siyasi xarakter daşıması haqqında bəyanat qəbul etməliyik”.
Deputat Avropa Parlamentinin qərarına da münasibət bildirib: “Avropa Parlamentinin qərarında guya Azərbaycan tərəfinin Ermənistana daxil olmasından narahatlıq ifadə olunur. Azərbaycan siyasətçilərinin bəyanatlarından da narahatlıq ifadə edilib. Sən Avropa Parlamentisən, xəritəni qoy qarşına, araşdır. Sovet dövründə hazırlanan xəritələr var. Beynəlxalq qanunvericiliyə əsasən, müstəmləkə sistemi dağıldıqda, onun əvvəlki inzibati ərazisi dövlət sərhədinə çevrilir. Sovet dövründə də Ermənistanda Azərbaycan arasənda inzibati sərhədlər olub. Azərbaycan da dövlət sərhədini bərpa edir. Azərbaycan 1922-ci ildə Zaqafqaziya Konfederasiyasına birləşmişdi. Həmin vaxt Zəngəzur mahalı belə, Azərbaycanın ərazisi idi. Burada bilirsiniz, “xoruzun quyruğu” nədə görünür? Avropa Parlamentinin qərarında xüsusilə qeyd olunur ki, Avropa İttifaqının üzvü olan dövlətlər bu prosesdə iştirak etmirlər. Deməli, onları “yandıran” budur. Avropa İttifaqı bu prosesdən kənarda qalıb. Burada subyektiv mülahizələr var. Azərbaycan regionun ən böyük dövlətidir, Avropa İttifaqı ilə də saziş üzrə işlər tamamlanırdı... Təəssüflər olsun, Avropa strukturlarında erməni tərəfkeşliyi var. Baxın, Avropa Parlamenti qondarma “erməni soyqırımı”nın tanınması üçün çağırış etdi. Burada qərəz açıq-aydın görünür...”
Demokrat.az


