Prezident İlham Əliyev əhalinin sosial problemlərinin həlli istiqamətində çox ciddi addımlar atır. Hər il dövlət büdcəsinin 30 faizdən çoxu məhz sosial siyasət üçün ayrılır.
Demokrat.Az xəbər verir ki, bu sözləri Publika-az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Millət vəkili bildirib ki, məcburi köçkün və qaçqınlara qayğı Prezidentin sosial siyasətinin mərkəzində dayanır.
“Gələn il dövlət büdcəsində xərclərin 33.4 faizi sosial yönümlüdür. Bu da onu göstərir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məcburi köçkünlərə xüsusi qayğı var. Hələ 2003-cü ildə seçkilər ərəfəsində Prezident İlham Əliyev xalqın ona etimad edəcəyi halda, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacağını bəyan etmişdi. O zaman 12 belə şəhərcik var idi. Cənab prezidentinin hər sahədə olduğu kimi bu məsələdə də söz və əməlinin üst-üstə düşdüyünü müşahidə edirik. Artıq 300 minə qədər məcburi köçkün evlərlə təmin edilib. Bu günlərdə Abşeron və Sumqayıtda yeni binalar istifadəyə verildi. Bu da yüzlərlə ailənin mənzil probleminin həllində ciddi addım hesab edilə bilər. İndiyə qədər 101 belə şəhərcik salınıb, dövlət bu istiqamətdə 7.1 milyard manat vəsait ayırıb. Bunlar çox böyük rəqəmlərdir və dövlət qayğısına nümunədir”.
Millət vəkili bildirib ki, bununla yanaşı, işğaldan azad edilmiş Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində 150 ev, məktəb, məscidin tikintisi, bütün infrastrukturun qurulması bundan sonra da işğaldan azad ediləcək ərazilərin yüksək səviyyədə bərpa ediləcəyinə bir nümunədir.
“Bu həm də Azərbaycan dövlətinin, xalqının işğal siyasəti ilə barışmayacağına bir işarədir. Tərtər rayonunda işğaldan azad olunan ərazilərdə Şıxarx qəsəbəsində məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün ciddi addımlar atılıb. Diqqətdən yayınmayan digər məqam biznesin sosial məsuliyyəti artırılıb. Cənab Prezident də xüsusi olaraq vurğuladı ki, Qobu yaşayış kompleksi özəl sektorun dəstəyi ilə tikilib. Bu da sosial problemlərin həllində özəl və dövlət sektorunun koordinasiyasını göstərir. Cənab Prezidentin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində atdığı addımlara həm də Birinci Vitse-prezident Mehriban Əliyeva yüksək səviyyədə tövhələr verir. 2017-ci ilin fevral ayında Mehriban xanım Birinci Vitse-prezident təyin edildi, mart ayının 9-da ilk görüşünü Bakı və Sumqayıtda yataqxanalarda məskunlaşan məcburi köçkünlərin mənzil probleminin həllinə həsr etdi. Bu görüşdən qısa müddət sonra Qobuda məcburi köçkünlər üçün yaşayış kompleksinin əsası qoyuldu. Bütün bunlar Azərbaycan dövlətinin siyasətinin sosial yönümlü olduğunu sübut edir. Azərbaycandakı bu sabitliyin kökündə dövlət başçısının uğurlu sosial siyasəti durur. Bu siyasət beynəlxalq aləmdə diqqətlə izlənilir. Prezidentin məcburi köçkünlərlə bağlı addımlarını BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı hər zaman qeyd edir, dəfələrlə məruzələrdə vurğulanır, başqa ölkələrə nümunə göstərilir”.


