“Prezident İlham Əliyev Şuşa səfəri zamanı çox vacib mesajlar göndərdi. Bu mesajlar Azərbaycanın çox güclü dövlət olduğunun beynəlxalq şəkildə qəbul edilməsini nəzərə çatdırır. Bu, beynəlxalq səviyyədə bir mesajdır, biz qalib Azərbaycanıq, qalib xalqıq və bunu Azərbaycan Ordusu sübut etdi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında professor Azər Babayev Prezidentin Şuşada təşkil olunan "Xarıbülbül" festivalında çıxışı ilə bağlı danışarkən bildirib.
Professor deyib ki, Azərbaycan artıq AXC-Müsavat hakimiyyəti dövründəki zəif ölkə deyil:
“Ölkəmiz həm ordu, həm iqtisadi baxımdan yeni dövrün tələblərinə cavab verir. Prezidentin çıxışı da bir növ bunların təcəssümüdür. Azərbaycan müstəqillik əldə etdikdən sonra çox böyük inkişaf yolu keçib və bu inkişaf özünü ən çox Qarabağın işğaldan azad edilməsində göstərdi. Bunlar regional qüvvələr üçün də ciddi siqnaldır. Cənub, Şimal və Qərb dövlətləri bilməlidirlər ki, Azərbaycan artıq fərqli və güclü dövlətdir. Bu həm də onu göstərir ki, Azərbaycan artıq Ermənistanla münasibətlərdə fərqli dövlətdir. Ermənistanı hərbi, iqtisadi baxımdan çox üstələmiş və bunu müharibədə sübut edən Azərbaycandır. Regionda inteqrasiyanın başlamasında Azərbaycan vacib rol oynayır, bunu inkişaf mərhələsini yeni dövr kimi qəbul etmək olar. Məlum olduğu kimi, Rusiya ilə Azərbaycan bərabər səviyyədə danışıqlar aparır. Bir sözlə, regionun iqtisadi və siyasi inkişafı üçün yeni imkan yaradılıb”.
Professorun fikrincə, Prezident İlham Əliyevin fikirləri Ermənistanın hakim dairələri üçün ciddi xəbərdarlıqdır:
“Şuşanın əhəmiyyəti təkcə ərazi olaraq ölçülmür, bu şəhərin həm də bizim milli simvolumuz kimi öz xüsusi dəyəri var. Azərbaycan müharibədən sonrakı öz yeni simasını məhz Şuşada – orda görülən işlərlə göstərdi. Azərbaycan sadəcə öz torpağını azad etməyib, həm də öz ruhuna qayıdıb. Azərbaycandan kənar dövlətlər bu məsələni başa düşməlidirlər ki, bu, dövlətimiz üçün sadəcə ərazi məsələsi deyil. Şuşanın azad edilməsi həm də kimlik məsələsidir. Bunu xarici dövlətlər və Ermənistanda olan bəzi qüvvələr başa düşməlidirlər. Azərbaycan üçün bu yoldan qayıdış yoxdur. Ermənistanda hələ də müəyyən ümidlər, absurd fikirlər qala bilər, amma Prezidentin çıxışı onlara son xəbərdarlıq mesajı olmalıdır. Azərbaycan bu ərazilərdə yenidənqurma, hər baxımdan möhkəmlənmə işləri həyata keçirir. Bu, onu göstərir ki, Ermənistan revanşist fikirlərdən nə qədər uzaq dursa, onların özləri üçün o qədər yaxşı olar”.
Aygül Qarayeva Demokrat.az


