Bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfər planlaşdırılır.Mayın 10-11-i tarixlərində Azərbaycanda səfərdə olacaq Rusiya rəsmisi Prezident İlham Əliyevlə görüşəcək.
Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla da danışıqları planlaşdırılır.
Bəs bu mühüm səfər ərəfəsində Azərbaycan ictimaiyyətində gözləntilər, fikirlər nədir?
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında qeyd edib ki, səfərin konkret məqsədi bəlli deyil:
“Səfərin planı müəyyənləşsə də, məqsəd və məramı açıqlanmayıb. Görünən odur ki, Rusiya Xarici İşlər naziri Azərbaycan və Ermənistana eyni vaxt səfər edəcək. 10 noyabrda imzalanan üçtərəfli bəyanata uyğun olaraq, bölgədə sülhün tənzimlənməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyini düşünmək olar.
Ola bilər ki, yeni vasitələrlə bağlı da müzakirələr olsun. Azərbaycan tərəfinin bu görüşdən əsas gözləntisi üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi mümkün olsun. Gedişatın necə olacağını isə səfər çərçivəsində veriləcək açıqlamalardan biləcəyik”.
Deputatın sözlərinə görə, Lavrovun Ermənistanın ardınca Azərbaycana edəcəyi səfərdən sonra veriləcək qərar yekun olacaq:
“Rusiya da bu bəyanatın icrasına maraqlı olmalıdır. Həm bölgədə vəziyyətin sabitləşməsi, həm də müəyyən yenidənqurma işləri ilə bağlı Lavrovla müzakirələr aparılacaq. Veriləcək qərarlar hər üç tərəfin maraqlarına uyğun olmalıdır. Bu görüş çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində də yekun nəticələr əldə ediləcək”.

Politoloq Şəbnəm Həsənovanın fikrincə isə görüşdə əsas müzakirə ediləcək məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı olacaq:
“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 10-11-də Azərbaycana olan səfərinin proqramı olduqca geniş olmaqla yanaşı, həm də mühüm əhəmiyyət kəsb edən bir səfərdir. Məlum məsələdir ki, əsas fokus olunmalı məsələlər 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarının hərtərəfli icrası istiqamətində olacaq. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Lavrov Ermənistandan sonra birbaşa Bakıya səfərə gəlmədi, Moskvaya geri dönüb, sonra Bakıya qayıdır. 

Bu məsələdə də cənab Prezident İlham Əliyevin mövqeyi qətidir: “Ermənistan istəsə də, istəməsə də dəhliz açılacaq. İstəsə razılıqla, istəməsə zor gücü ilə”.
Bu baxımdan da Lavrovun Moskada fasilə etməklə Bakıya dönməsi burada Rusiyanın vasitəçiliyinin məqsədinin dəhlizin açılmasından, yəni nəticəyə istiqamətlənmiş mövqeyindən xəbər verir. Yəni, görünən mənzərə odur ki, nəticə etibarilə müharibədən sonra hər üç tərəfin götürdüyü öhdəliklərin yerinə yetirilməsi, regionun bərpa olunması əsas hədəfdir.
Heç şübhəsiz ki, hazırda Qarabağda olan vəziyyət, humanitar məsələlər, eyni zamanda Rusiya-Azərbaycan arasında olan qarşılıqlı fəaliyyət məsələləri də nəzərdən keçiriləcək”.

Politoloq bildirir ki, görüşdə iki ölkə arasında mövcud münasibətlər və əməkdaşlıq perspektivləri də müzakirə ediləcək:
“Bununla yanaşı, unutmaq olmaz ki, iki ölkə arasında olan siyasi, iqtisadi, mədəni, humanitar sahədə əlaqələr mövcuddur və bu istiqamətlərin mövcud vəziyyəti və daha da genişləndirilməsi perspektivləri, iki ölkənin də üzv olduğu regional və beynəlxalq təşkilatlar çərçivəsində olan əməkdaşlıq məsələləri ələ alınacaq. Bəyanatla yaradılmış üçtərəfli işçi qrupun fəaliyyətinin mövcud vəziyyəti, indiyə qədər görülmüş işlər, bundan sonra atılacaq addımlar da müzakirə olunacaq.
Bir sözlə, Azərbaycan və Rusiya müharibədən sonra imzalanmış hər iki bəyanatın icra olunmasında qətiyyətlidir, bunu sadəcə Ermənistanın dərk etməsi lazımdır ki, bu məsələdə də Ermənistanın icra etməkdən başqa alternativi mövcud deyil.
Bununla bağlı isə düşünürəm ki, Lavrovun Ermənistana səfərindən sonra hal-hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Biz uşaqlara dinc, sabit bölgə saxlamalıyıq, türklərlə düşmənçilik idarəolunan olmalıdır, əks təqdirdə təkcə Ermənistan üçün deyil, bütün bölgə üçün fəlakətlə üzləşmək olar” fikirlərini səsləndirməsi heç də təsadüfi deyil.
Yəni, artıq rəsmi İrəvanın da başqa bir seçimi olmadığını həm daxili auditoriyaya, həm tərəflərə çatdırır və bildirir ki, Ermənistan yaranmış reallığı qəbul etmək məcburiyyəti ilə üz-üzədir”.
Aygül Qarayeva Demokrat.az


