Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Avropada siyasi sığınacaq almış Vidadi İsgəndərli və digər bu kimi şəxslərin Azərbaycan hakimiyyətinə qarşı apardığı söyüş və təhqir kampaniyasına münasibət bildirib.
Tanınmış YAP-çı Əli Nağıyev Demokrat.Az-a müsahibəsində bu cür kampaniyaları qətiyyətlə pislədiyini deyib:
"Mən Vidadi İsgəndərlinin kim olduğunu bilmirəm. Kim kimin dədəsinin məzarını təhqir edib, bundan da xəbərsizəm. Əgər belə bir hal olubsa, bu vandalizmdir. Bundan böyük alçaqlıq yoxdur. Bilmirəm o Vidadi kimdir, əgər o söyüşlə danışırsa, elə söyüş onun özüdür. Ona söyüşü yazmağa vadar edənlər də elə onun tayıdır. Bilirsiniz, aforizmlər ki var, onlar nahaqdan deyil. Ən azından onlar çox sınaqlardan sonra özünü təsdiqləmiş kəlamlardır. Rus dilində "какой привет такой ответ" ifadəsi var. Buna bənzər Azərbaycan dilində də çox gözəl deyimlər var: "döymə taxta qapımı, döyməyim dəmir qapını". Yaxud da: "söymə çoban dədəmi, söyməyin xan dədəni".
Əli Nağıyev Prezident İlham Əliyevin gördüyü işlərin bir sıra məmurlar tərəfindən düzgün təbliğ edilmədiyini söyləyib:
"Bu gün iqtidarın başda duranları arasında özünə "mən Heydər Əliyevi və İlham Əliyevi sevirəm" deyənlər, bir dəqiqəlik çıxışında beş dəfə Mehriban Əliyevanın adını çəkənlərin sayı çoxdur. Buna təbliğat deməzlər. Buna həmin adamları hörmətdən salmaq deyərlər. Bütün televiziyalarda bu var. Mən mətbuatı oxumuram. Ancaq televiziyaları açıb bəzi verilişlərə baxmağa həvəsim var. Allah, Allah nə qədər primitiv təbliğat, nə qədər primitiv tərif olar. Bu adamları hörmətdən salmaqdır. Evdə insanın ən çox istədiyi nəvəsi olar. İnsan öz nəvəsini çox istədiyi üçün gün ərzində bir neçə dəfə öpərsən, canım 1 dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə, ancaq dizinin üzərinə qoyub yalayarsan, onda o olar buzov, səndə olarsan inək. Yəni, təbliğatın bir ölçüsü olar. Təbliğatın olması mütləq vacibdir. Ancaq bu təbliğat necə olmalıdır, bunun gözəl disturu var. Aristotelin "Ritorika" əsəri var. Orada bunun gözəl disturunu verib. Dövlət idarəçiliyində təbliğat vacib məsələdir. Birincisi, təbliğatın real əsası olmalıdır. İkincisi, təbliğatçı təbliğ etdiyi mövzunu gözəl bilməlidir. Üçüncüsü, təbliğatçı gözəl natiq olmalıdır. Dördüncüsü isə təbliğatçı xalqın içərisində hörmət qazanmış adam olmalıdır. Daha hər küçədən çıxan adam çıxıb efirdə tərif deməməlidir. Əgər bir kişi başına "kraska" qoyanda, buna Azərbaycan milləti hörmət edər? Belə kişinin Azərbaycan xalqı arasında hörməti olar? Belələri televiziyalardan səhərdən axşama qədər düşmürlər. Gərək təbliğatçının da millət içərisində bir hörməti, nüfuzu olsun! Məhəmməd Peyğəmbərin çox yaxşı sözü var ki, əgər təbliğatda məqsədin özünü xalqa sevdirməkdirsə, o zaman gərək sənin də təbliğatçıların xalqın sevdiyi adamlar olsun. Bu məsələ ilə bağlı Aristoteldən də, Məhəmməd Peyğəmbərdən də misallar gətirdim. Amma mən bu məqamları bu gün aparılan təbliğatda görmürəm. Allah Üzeyr bəyə rəhmət etsin! O yazırdı ki, Məşədi 5 manat ver səni qəzetimdə tərifləyim, 10 manat ver səni söyənlərin atasını yandırım. A kişilər, bunu görüb bilmək lazımdır. Bu cür primitiv təbliğat İlham Əliyevi ucaltmır. İlham Əliyev saysız-hesabsız dəyərli işlər görür. Mən bu fikirlərimi əvvəlki müsahibələrimdə də bildirmişəm və bu gün də deyirəm. Mən bu dövlətin başında durmağa hələ ki, İlham Əliyevdən başqa adam görmürəm. Dəfələrlə bu sözü demişəm, bu gün də söyləyirəm. Ancaq onun əlinin altında işləyən, ona xidmət edən adamlar gərək Prezidenti gözdən salmasınlar".
Bəzi məmurların Prezident İlham Əliyevin nüfuzuna xələl gətirdiyini vurğulayan tanınmış YAP-çı bu cür halları qınadığını bildirib:
"Bilirsiniz, mənim tanıdığım adamlar var ki, onların çoxu mənim əlimdən çörək yeyiblər. Mənim əlimdən yekələnlər var. O qədər onların primitiv işləri var. Onlar bu işləri İlham Əliyev üçün görmürlər. Zibilin içərisindən çıxıb yeməyə çörək tapa bilmirdilər. Bunları mən bilirəm. Onlar vaxtilə yeməyə çörək tapa bilmirdilər, bu gün həmin adamlar oliqarx olublar. Məqsəd də odur, məqsəd bu çirkin məqsəddir. Evlərindən çıxanda görüm hansı kitabı düzüb qoşacam ki, həmin kitablardan bir adamın belə xəbəri yoxdur. Həmin kitabları bir adam belə oxumur. Ancaq həmin yalançı kitabları çap etməklə onlar külli miqdarda pulları mənimsəyirlər. Yaxın keçmişdə Stalini, Lenini tərifləyən nə qədər kitablar var idi. Bu gün o kitabları oxuyan varmı? Bunu bilmək lazımdır ki, onlar real təbliğat deyil və real təbliğata xidmət etmirlər".






